Amerikanın Rusiyadakı səfirliyinin əməkdaşının Moskvanın "Şeremetyevo” aeroportundan gedərkən yükün arasında mina keçirmək cəhdilə bağlı insidentin yeni detalları məlum olub. Mina keçirməyə çalışan diplomatın adı açıqlanıb. Məlum olub ki, bu, ABŞ-ın Moskvadakı səfirliyində çalışan 24 yaşlı Uilyams (Williams S.C.) soyadlı diplomatdır.
Qaynarinfo bizimyol.info-ya istinadən xəbər verir ki, artıq ABŞ hökuməti rəsmi qaydada olaya reaksiya verib. ABŞ Dövlət Departamenti bəyan edib ki, səfirlik əməkdaşının yükündən tapılmış mina təhlükəsiz olub. Dövlət Departamentinin təmsilçisinin sözlərinə görə, yükün arasından mina götürüləndən sonra diplomat ölkəni tərk edə bilib.
Moskvadan Londona getmək istərdən hava limanında sorğu-sual edilən səfirlik əməkdaşı özü də aeroportda deyib ki, mina işlək deyil və onu şəxsi kolleksiyasına daxil etmək üçün aparmaq istəyirdi. Mina tapılandan sonra məsələnin araşdırılması bir qədər zaman alıb və nəticədə diplomat Londona uçan təyyarəyə gecikib. Bu səbəbdən ona birbaşa Nyu-Yorka bilet alınıb və həmin gün Amerikaya uçub.
Rusiya Xarici İşlər Nazirliyi baş verənləri təxribat kimi qiymətləndirib.
"2001-ci ildə Nyu-Yorkda baş verənlərdən sonra ABŞ uçuşların təhlükəsizliyinə çox yüksək səviyyətə diqqət yetirir. Yükün arasında mina aparılmasının çox ciddi məsələ olduğunu diplomat bilməyə bilməzdi”, – Rusiya XİN-dən belə deyilib.