İstehlak etdiyiniz qidalar qan təzyiqində və ümumilikdə ürək sağlamlığında mühüm rol oynayır. Müəyyən məhsulların müntəzəm olaraq rasiona daxil edilməsi qan təzyiqini təbii yolla azaltmaq üçün edə biləcəyiniz ən sadə addımlardan biridir.
Qaynarinfo-nun "Prevention"a istinadən məlumatına görə, kardioloq, tibb elmləri doktoru Çen-Han Çen deyib ki, bir gecədə qan təzyiqini aşağı sala biləcək möcüzəvi qida yoxdur. Onun sözlərinə görə, təzyiqə uzunmüddətli nəzarət balanslaşdırılmış və ürək üçün sağlam qidalanma rejiminin formalaşdırılması ilə əldə edilir.
"Boşqabınızı bol meyvə və tərəvəz, yağsız zülal və tam taxıllı məhsullarla doldurmağa diqqət yetirin", deyə həkim bildirib.
Nəşr qeyd edir ki, qan təzyiqini sağlam səviyyədə saxlamaq üçün Aralıq dənizi pəhrizinə və ya DASH pəhrizinə (hipertoniyanın qarşısının alınması üçün pəhriz yanaşmaları) riayət etmək məqsədəuyğun strategiyadır.
Paxlalılar niyə faydalıdır?
Kardioloq Kevin Heder bildirir ki, yalnız bir məhsul seçməli olsaydı, qara lobya, mərcimək və ya noxud kimi paxlalıları tövsiyə edərdi.
"Onlar kalium, maqnezium və liflə zəngindir və bunlar sağlam qan təzyiqinin qorunmasına kömək edir. Kalium natriumun təsirini balanslaşdırmağa kömək edir, lif isə ümumilikdə daha yaxşı ürək sağlamlığı ilə əlaqələndirilir", deyə Heder qeyd edib
"BMJ Nutrition, Prevention & Health" jurnalında dərc olunan araşdırma da paxlalıların yüksək qan təzyiqi riskini azaltdığını göstərib.
Belə ki, hər gün bir stəkan bişmiş lobya, noxud və ya mərcimək yeyən insanların hipertoniya inkişaf etdirmə riski bu məhsulları müntəzəm istehlak etməyənlərlə müqayisədə 30 faiz aşağı olub. Gündə yarım stəkan paxlalı qəbul edənlərdə isə risk 14 faiz azalıb.
Təzyiqə mənfi təsir edən qidalar
Bununla yanaşı, Çen ürək sağlamlığına zərər verə bilən məhsulların qəbulunu məhdudlaşdırmağı tövsiyə edir.
"Xüsusilə yüksək dərəcədə emal olunmuş məhsullardan alınan çox miqdarda natrium, əlavə edilmiş şəkər və doymuş yağlarla zəngin pəhriz qan təzyiqini yüksəldə və ürək-damar xəstəlikləri riskini artıra bilər", deyə kardioloq bildirib.
Aydın
Şərhlər