Xəbər lenti

Dünya 13:34 27.09.2024

"The Economist": Zelenski hakimiyyətini gücləndirmək üçün seçki planlaşdırır

Ukrayna prezidenti Volodimir Zelenski hakimiyyətini möhkəmləndirmək üçün 2025-ci ildə prezident seçkiləri keçirməyi düşünür.

Qaynarinfo xəbər verir ki, məsələdən xəbəri olan mənbələr "The Economist”ə bildiriblər.

Onların sözlərinə görə, hazırda Zelenskinin seçkilərdəki potensial rəqibləri ilə bağlı çoxsaylı müzakirələr gedir. Bura prezidentin 2024-cü ilin fevralında Ukrayna Silahlı Qüvvələrinin (USQ) Baş komandanı vəzifəsindən azad etdiyi Valeri Zalujnının adı da daxildir.

Eyni zamanda, "The Economist”in ictimai rəy sorğularına istinadən qeyd etdiyi kimi, Ukrayna əhalisi keçmiş komandanın yeni dövlət başçısı seçilməsinə müsbət yanaşır.

Amerika Milli Demokratiya İnstitutunun məlumatına görə, ukraynalıların hazırkı prezidentə inamı 2023-cü ilin mayında 80%-dən 2024-cü ildə 45%-ə düşüb. Bütövlükdə hökumətə inam daha da azalıb. "Siyasi proses artıq başlayıb”, - üç dəfə ölkə prezidentliyinə namizəd olmuş Ukraynanın keçmiş Baş naziri Yuliya Timoşenko "The Economist”ə deyib. 

Qeyd edək ki, Zelenskinin beş illik səlahiyyət müddəti 2024-cü il mayın 20-də başa çatıb. Ukraynada prezident seçkiləri mart ayında keçirilməli idi, lakin ölkədə hərbi vəziyyət səbəbindən seçkilər keçirilməyib. 

Bundan əvvəl Zelenski ölkədə prezident seçkilərinin "vaxtında keçirilmədiyini” bildirib. Onun fikrincə, seçkilər yalnız Rusiyaya sərfəlidir. 
Eyni zamanda o qeyd edib ki, hərbi münaqişə bitsəydi, ikinci prezidentlik müddətinə namizədliyini irəli sürməzdi. "Müharibə zamanı mən qaça bilmərəm", - Ukrayna lideri izah edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->