ABŞ prezidenti Donald Tramp dəfələrlə bəyan edib ki, Ukraynanın bu müharibədə ''əlində kart yoxdur''.
Qaynarinfo xəbər verir ki, lakin "The Telegraph”ın yazdığına görə, iyunun 1-də Kiyev gizli bir əməliyyat həyata keçirib və bu, qüvvələr balansını dəyişə
bilər.
Bu əməliyyat çərçivəsində Ukraynanın xüsusi xidmət orqanları 150-dən çox FPV tipli dronu nəqliyyat konteynerlərinin damındakı gizli bölmələrdə qaçaq yolla Rusiyaya keçirib. Dronlar təyinat yerinə çatdıqdan sonra buraxılıb və Rusiya arxa cəbhəsində yerləşən ən azı beş aerodroma zərbələr endirib. Sovet dövrünə aid, nüvə silahı daşımağa qadir olan onlarla ağır bombardmançı təyyarə məhv edilib.
Nəşrin yazdığına görə, partlayıcı maddə ilə təchiz olunmuş 150 dron Rusiyaya səssizcə daxil olub. Rusiya ərazisində geniş yayılmış əks-kəşfiyyat orqanları bu əməliyyatı sezə bilməyib. Bir düymə ilə konteynerlərin qapaqları açılıb və dron sürüsü hədəflərə hücum edib — yəni yanacaqla doldurulmuş və uçuşa hazır vəziyyətdə saxlanılan Rusiya bombardmançılarına.
Əməliyyatın vaxtı təsadüfi seçilməyib. Nəşr yazır:
''Ukrayna baxımından bu kinestik (fiziki hərəkətə əsaslanan) gizli əməliyyat üçün zaman ideal idi''.
Əməliyyat İstanbulda keçiriləcək sülh danışıqlarının ərəfəsində həyata keçirilib. Rusiya nümayəndələri Türkiyəyə yollanıb, baxmayaraq ki, Moskva atəşkəsə getmək istəmir.
Tramp isə, məqaləyə görə, ''birdən-birə dəli'' adlandırdığı Putinin müharibəni onun ''xahişi ilə'' dayandırmamasından narahatdır və ''mənasız diplomatik səylərdən'' yorulub. Eyni zamanda ABŞ prezidenti Ukraynaya əlavə hərbi yardım — hava hücumundan müdafiə sistemləri, GMLRS reaktiv artilleriya sistemləri və haubitsalar üçün sursat — ilə bağlı heç bir açıqlama verməyib.
Ukrayna isə Rusiya ərazisində zərbələr endirməkdə davam edir, ''rəqibinə guya toxunulmaz olan ərazidə zərbələr endirir və onun əvəzolunmaz bombardmançı donanmasının əhəmiyyətli hissəsini sıradan çıxarır''.
CBS News və Axios xəbər verir ki, Kiyev bu əməliyyat barədə Tramp administrasiyasını əvvəlcədən məlumatlandırmayıb. Əməliyyatın hazırlanması təxminən 18 ay çəkib.
Ümumilikdə bu əməliyyat Ukraynaya uzun sürən və tükəndirici xarakter alan müharibə fonunda ''çox vacib mənəvi üstünlük'' qazandırıb. Həmçinin ABŞ-da Ukraynanı dəstəkləyən respublikaçılar arasında dəstəyi artıra bilər. "The Telegraph” qeyd edir:
''Bu əməliyyat göstərdi ki, Ukrayna hələ də mübarizə aparır — Ağ Evdən gələn nə qədər bədbin bəyanatlar səslənsə də''.
Bununla belə, qeyd olunur ki, ''Ukraynanın dronlarla etdiyi bu manevrlər Trampı da, Putini də çaş-baş salıb''. Mənbələrin bildirdiyinə görə, Trampın milli kəşfiyyat direktoru Talsi Qabbard prezidentin təhlükəsizlik üzrə gündəlik brifinqlərini "Fox News”a bənzər videofraqmentlərlə əvəz etməyi düşünür. Məqsəd isə baş komandanı milli təhlükəsizlik sahəsindəki səlahiyyətlərinə fokuslanmağa məcbur etməkdir.
Qeyd edək ki, ''Pautina'' (''Hörümçək toru'') adlı əməliyyat — bu, Ukraynanın gizli hərbi əməliyyatı olub, onun nəticəsində 150-dən çox FPV dronu Rusiya ərazisinə gizli şəkildə keçirilib və Rusiya ərazisinin dərinliyində yerləşən beş aerodroma zərbələr endirilib. Nəticədə nüvə silahı daşıya bilən ən azı səkkiz sovet istehsalı ağır bombardmançı sıradan çıxarılıb. Əməliyyatın məqsədi Rusiyanın hərbi potensialını zəiflətmək və Ukrayna cəmiyyətində ruh yüksəkliyi yaratmaq olub. Bu əməliyyat ABŞ-a əvvəlcədən bildirilmədən həyata keçirilib.
Alpər
Şərhlər