Xəbər lenti

Tofiq Zülfüqarov Ərdoğanın HƏMAS-la bağlı açıqlamasını şərh etdi
Dünya09:15 26.10.2023

Tofiq Zülfüqarov Ərdoğanın HƏMAS-la bağlı açıqlamasını şərh etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ərdoğanın məlum açıqlaması xarici siyasətə deyil, daha çox daxili siyasətə hesablanmış gedişdir".
Bunu Qayraninfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanən HƏMAS təşkilatı barədə səsləndirdiyi sözləri şərh edərkən deyib. Ekspert bildirib ki, İslam həmrəyliyi Türkiyənin daxili siyasətinin əsas təməllərindən biridir:
"Ankara İslam ölkələri arasında bu və ya digər şəkildə liderliyini təmin etməyə çalışır və bu istiqamətdə dəfələrlə cəhdlər edib. Bu baxımdan, Ərdoğanın açıqlaması xarici siyasətə deyil, daha çox daxili siyasətə hesablanıb. Çünki İslam həmrəyliyi daxili siyasətdə əsas tezislərdən biridir. Reallığa gəlincə, Qəzzada vəziyyət mürəkkəbdir. Orada baş verən hadisələrə müxalif mövqedə olanlar təkcə İslam ölkələrinin əksəriyyəti deyil, həmçinin bəzi xristian ölkələri də həmin prosesə qoşulub. İsrail yarananda BMT qətnaməsində onun hansı ərazilərdə olacağı göstərilirdi. Digər tərəfdən, Qüds üçün xüsusi status yaradılmalı idi. Orada 3 dinə bağlı müqəddəs məkanlarla əlaqədar eksterritorial statusun yaradılması nəzərdə tutulurdu. Lakin İsrail həmin statusu qəbul etmir və 1967-ci ildən başlayaraq həmin müqəddəs məkanları öz nəzarəti altına götürüb".
Tofiq Zülfüqarov bildirib ki, belə vəziyyət yalnız müsəlmanların deyil, həmçinin xristianların da narazılığına səbəb olub:
"HƏMAS və digər Fələstin təşkilatları da müsəlman həmrəyliyindən öz xeyirlərinə yararlanmağa çalışır. Ona görə də problem göründüyündən də daha mürəkkəbdir. Əminəm ki, həmrəylik məsələsi də bir çox hallarda məhz bununla bağlıdır".
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxışı zamanı HƏMAS-ın terror təşkilatı olmadığını, öz torpaqlarını və vətəndaşlarını qorumaq üçün mübarizə aparan bir qrup mücahidlər olduğunu deyib: "HƏMAS terror təşkilatı deyil, öz torpaqları və vətəndaşlarının müdafiəsi uğrunda mübarizə aparan mücahidlərin azadlıq qrupudur. Bizim İsrailə getmək  planlarımız vardı. Lakin artıq bu plan ləğv olunub.  İsrailə qarşı diplomatik, hətta lazım gələrsə hərbi yolla müqavimət göstərəcəyik. Türkiyə Fələstinə zamin durmağa hazırdır”. 
Rüfət Sultan