Siyasət 13:01 20.06.2022

Tokayevin demarşı Moskvanın qəzəbinə səbəb olacaqmı? - Ekspert

Qazaxıstan Rusiyanın bu günədək güvəndiyi əsas ölkələr sırasında yer alıb. Lakin son zamanlar Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin verdiyi açıqlamalar bu Orta Asiya ölkəsinin sanki Moskvadan uzaqlaşmaq kursu götürdüyünü deməyə əsas verir. Tokayev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Rusiya Prezidenti Putinin qarşısında etdiyi çıxışı zamanı bəyan edib ki, qondarma Donetsk (DXR) və Luqansk (LXR) "xalq respublikaları”nı tanımayacaq.
 
"Aşağıdakıları qeyd etmək istərdim: müasir beynəlxalq hüquq BMT Nizamnaməsidir. Nizamnamədə təsbit olunmuş iki əsas prinsip indi bir-biri ilə ziddiyyət təşkil edir. Bu, ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə hüququdur. BMT-nin qurucu ataları bu anı nəzərə almadı, ola bilsin, bu, qəsdən kompromis kimi təqdim edilib”, deyə dövlət başçısı vurğulayıb.

Onun sözlərinə görə, BMT Nizamnaməsinin xalqların öz müqəddəratını təyinetmə hüququ ilə bağlı prinsipləri rəhbər tutulsa, onda dünyada BMT-yə üzv olan 193 dövlət əvəzinə 500-600-dən çox ölkə peyda ola bilər: "Əlbəttə, bu, xaosa səbəb olardı. Biz nə Tayvanı, nə Kosovonu, nə Cənubi Osetiyanı, nə də Abxaziyanı tanıyırıq. Görünür, bu prinsip bütün kvazi-dövlət ərazilərinə şamil olunacaq, fikrimizcə, bu prinsiplər Luqansk və Donetskə də aid olmalıdır”. 

Bundan başqa, Tokayev Ukraynanın Avropaya inteqrasiya siyasətini təqdir etdiyini də deyib. Başlıcası, Tokayev Rusiyanın ali mükafatı olan "Aleksandr Nevski" ordenindən də imtina edib. Onu da vurğulayaq ki, Tokayevin bu çıxışından bir qədər sonra Rusiya Novorossiyskdən Qazaxıstan neftinin nəqlini dayandırıb. Moskva Xəzər dənizinin boru xətti keçən hissəsində ikinci dünya müharibəsindən qalma mina tapdığını bəhanə edib. 

Qeyd edək ki, Moskvaya qarşı demarşı cəmi 5 ay bundan öncə Qazaxıstanda yaşanan özbaşınalıqları yatırmaqda Moskvadan kömək istəyən və bu köməyi alan Tokayev edib. Bundan başqa, Qazaxıstan əhalisinin 20 faizindən çoxu ruslardan ibarətdir. Yəni Moskva istənilən anda bu ölkədə yenidən qarışıqlıq yaratmaqla öz marağının təmin edə bilər. Belə vəziyyətdə Tokayev hansısa bir xarici qüvvənin real dəstəyi olmasa Moskvaya münasibətdə anoloji addımı heç bir halda ata bilməzdi. Tokayevə hansısa xarici ölkə ciddi şəkildə dəstək verirmi?

Qaynarinfo-ya açıqlamasında məsələyə münasibət bildirən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayılın fikrincə, Tokayevin bu addımını dünyada baş verən siyasi proseslərin öncəgörməsi kimi dəyərləndirmək lazımdır:

"Rusiya-Ukrayna müharibəsi başlayandan sonra məlum oldu ki, bu savaşın nəticəsinin necə olmasından asılı olmayaraq, dünyanın yeni düzəni, beynəlxalq siyasi münasibətlərin transformasiyası başlayacaq. Bütün variantlarda bu transformasiya tam olaraq Rusiyanın əleyhinə işləyir. Bunu dövlət başçıları da görür. Deyərdim ki, hətta Mərkəzi Asiya və Qafqazda da bunu bilirlər. Hamı anlayır ki, Rusiya bu proses fonunda zəifləyəcək, təsir imkanları azalacaq”. 

İ.İsmayıl bildirir ki, Qazaxıstanın Türkiyə və Çin kimi iqtisadi və siyasi nöqteyi nəzərdən müttəfiqləri, lazım gələndə arxasında dayananları var: 
"Həmin ölkələrdən bu dəstəyi Tokayev ilk olaraq cari ilin yanvarında Qazaxıstanda baş verən hadisələr zamanı aldı. Məhz Türkiyə və Çinin xarici işlər nazirlərinin onunla təcili görüşündən sonra, Rusiya Qazaxıstandan qoşunlarını çıxaracağını bəyan etdi. Ankara və Pekinin Qazaxıstana müsbət münasibəti və onların Moskvaya olan təzyiqləri göstərdi ki, yeri gələndə Rusiyanı geri çəkilməyə məcbur etmək olur. Tokayev də bunu sınaqdan keçirdiyindən Sankt-Peterburqdakı tədbirdə də çəkinmədən sözügedən addımı atıb”. 

Ekspert qeyd edir ki, bu addımlar məhz Rusiyanın zəifləməsinə hesablanmış qərarlardır:

"Həmin proses Tokayevdən başlayıbsa, tezliklə Mərkəzi Asiyanın digər ölkələri¸o cümlədən Cənubi Qafqaza da öz təsirini göstərəcək. Ona görə də Tokayevin bu addımını dünyada baş verən siyasi proseslərin öncəgörməsi kimi dəyərləndirmək lazımdır”. 

Rüfət Sultan