Xəbər lenti

Tornado apokalipsisi: 500 nəfəri öldürən fəlakət təkrarlana bilər
Dünya 17:27 19.07.2026

Tornado apokalipsisi: 500 nəfəri öldürən fəlakət təkrarlana bilər

Alimlər xəbərdarlıq edirlər ki, ABŞ-da 1896-cı ildə yüzlərlə insanın ölümünə səbəb olmuş dağıdıcı tornado silsiləsinə bənzər hadisə gələcəkdə yenidən baş verə bilər.
 
Qaynarinfo xəbər verir ki, bu barədə "Popular Mechanics” nəşri məlumat yayıb.

ABŞ-da hər il 1000-dən çox tornado qeydə alınır ki, bu da dünyada ən yüksək göstəricidir. Lakin 1896-cı ilin yazı tarixə ən dağıdıcı dövrlərdən biri kimi düşüb. Həmin ilin 15–28 may tarixləri arasında, iki həftə ərzində baş verən tornado silsiləsi təxminən 500 nəfərin həyatına son qoyub.

Bu müddətdə ABŞ-ın Orta Qərb bölgəsində yerləşən 12 ştatda təxminən 40 tornado qeydə alınıb. Mütəxəssislərin qiymətləndirməsinə görə, onlardan üçü ən yüksək güc kateqoriyasına çatıb və küləyin sürəti saatda 480 kilometrə qədər yüksəlib.

Tornadolar şimaldan gələn soyuq və quru hava ilə cənubdan gələn isti və rütubətli hava kütlələrinin toqquşması nəticəsində yaranır. Bu hava şəraiti bir neçə gün davam etdikdə, eyni fırtına sistemi çoxsaylı tornadolar yarada bilər. Alimlərin fikrincə, məhz belə ardıcıl tornado silsilələri ən böyük təhlükə hesab olunur.

Ən ağır fəlakət 1896-cı il mayın 27-də axşam saatlarında Sent-Luis və İst-Sent-Luis şəhərlərində baş verib. Tornado təxminən 16 kilometr uzunluğunda və 800 metr enində dağıntı zolağı yaradıb. Nəticədə 311 bina tamamilə dağılıb, 7 mindən çox tikili zədələnib, 255 nəfər həlak olub. Faciədən sonra şəhərin kilsə zəngləri qurbanların xatirəsinə fasiləsiz çalınıb.

Tədqiqatçılar hesab edirlər ki, 1896-cı ildə baş verən tornado silsiləsi unikal hadisə olmayıb. Oxşar hallar sonrakı illərdə də müşahidə olunub. Müasir dövrün ən böyük nümunələrindən biri 2019-cu ildə qeydə alınıb. Həmin il cəmi 13 gün ərzində 374 tornado baş verib.

Alimlərin sözlərinə görə, iqlim dəyişikliyi belə hadisələrin sayının artmasına təsir göstərə bilər. ABŞ-ın Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) məlumatına əsasən, 2000-ci ildən etibarən tornado baş verən günlərin ümumi sayı azalsa da, eyni gündə çoxsaylı tornadoların qeydə alındığı günlərin sayı təxminən iki dəfə artıb. Bu isə tornadoların daha sıx qruplar halında baş verdiyini və onların dağıdıcı təsirinin arta biləcəyini göstərir.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->