Xəbər lenti

“Tortun şamları ilə saçlarımı yandırdım” - MÜSAHİBƏ
Dünya12:11 05.06.2013

“Tortun şamları ilə saçlarımı yandırdım” - MÜSAHİBƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Penelopa Kruz: “Bədənimdəki göyərtilərdən, dərimin qabar-qabar olmasından xoşum gəlirdi, hətta bundan ötrü indi də darıxıram”
Penelopa Kruz Sançes 1974-cü il 28 apreldə Madrid şəhərinin San Sebastyan de Los Reyes adlanan rayonunda anadan olub. O, saç ustası Ençarna Sançes və avtomobil mexaniki Eduardo Kruzun qızıdır. Hələ kiçik yaşlarından Penelopa çox enerjili uşaq idi və öz enerjisini hara sərf edəcəyini bilmirdi. Bir vaxtlar anası gözəllik salonu işlədəndə balaca Pe həmişə salona gələn xanımlara diqqətlə tamaşa edirdi. Bu, onun üçün özünəməxsus “aktrisalıq” məktəbi idi. Uşaqlıqda heç kim onun aktrisalıq istedadını görməsə də, hamı bu kiçik qızın hərəkətlərinin plastikasına diqqət yetirirdi.
Dörd yaşında valideynləri Penelopanı balet sinfinə yazırlar. Tezliklə Pe rəqs və cazla dərindən maraqlanır. İspaniya Milli Konservatoriyasında doqquz il klassik alətlə məşğul olandan sonra Penelopa rəqs mədəniyyətinə yiyələnmək üçün dörd il müddətində Kristina Rotadan dərs alır. Amma zaman ötdükcə aktrisalıq ön plana keçir və onun rəqsə olan marağı soyuyur. On dörd yaşından Penelopa filmlərdə çəkilməyə başlayır, bir sıra şou və musiqi kliplərinə də çəkilir.
Penelopa Kruz rejissor Vudi Allenin “Viki Kristina Barselona” filmində oynadığı rola görə “Oskar” mükafatına layiq görülür. 2010-cu ilin yazında ispan aktyoru Havyer Bardem ilə ailə həyatı qurur və onların Leo adlı övladı dünyaya gəlir. 
Qaynar.info məşhur ispan aktrisası Penelopa Kruzun öz gəncliyi, həyəcanları, kumirləri, sevimli istirahət yerləri və sair mövzularda söylədiklərini diqqətinizə təqdim edir.
Penelopa Kruz gənclik haqqında
- Mən gənc olarkən, şöhrət haqqında düşünmürdüm. Ümumiyyətlə, şöhrət - müasir anlayışdır. Bu günün gəncləri bizim əvvəl düşündüyümüz kimi mühakimə yürütmürlər, çünki o zamanlar nə internet vardı, nə də sosial şəbəkələr. Səmimi etiraf edirəm ki, mən nə Twitterdə varam, nə də Facebookda. Mən insanların bir zamanlar qələmlə bir-birinə məktub yazdıqları günlərdən ötrü darıxıram. Bu, kədərlidir, amma mən başqa nəsilə aidəm. 
Rəqslə məşğul olması haqqında
- Uşaq olarkən valideynlərim məni balet məktəbinə qoydular, çünki çox enerjili idim. Bu, sözlərsiz-filansız emosiyaları izhar etməyə imkan verən incəsənətə ilk toxunuşum idi. Rəqslə məşğul olarkən, sözün yaxşı mənasında kefdə idim, iki saatlıq məşqdən sonra bədənimdə fiziki ağrılar hiss edirdim, bu ağrılar isə mənəvi halətimə sirayət edirdi. Bədənimdəki göyərtilərdən, dərimin qabar-qabar olmasından xoşum gəlirdi, hətta bundan ötrü indi də darıxıram.
Aktrisa olmaq arzusu haqqında
- Rəqslə məşğul olmaqdan bir az boş vaxt tapan kimi filmlərə baxırdım. Artıq o zamanlar hiss edirdim ki, kino mənim üçün narkotikə çevrilir, hətta rəqs zamanı rəfiqələrimlə oynayarkən, özümü olduğum kimi aparmırdım. Onda 11 yaşım vardı, hamıya deyirdim ki, aktrisa olmaq istəyirəm, ancaq bu, sanki Aya uçmaq istədiyimi deyirmişəm kimi səslənirdi.
İstirahət haqqında
- Əgər nəyisə dəyişmək gücündü olsaydım, 17 yaşımda daha çox istirahət etməyə özümü məcbur edərdim. Bu yaş dövründə həyatım inanılmaz dərəcədə darıxdırıcı və boz idi. Nə klublara gedirdim, nə də içki içirdim, buna görə də axşam saat doqquzda başımı atıb yatırdım. Bütün zamanımı kinoya həsr edirdim, kino mənim ehtirasım idi və mən kinoyla yaşayırdım. Valideynlərim mənə rəqs məşqlərimi azaltmağı tövsiyə edirdilər, amma onların dediklərinə qulaq asmırdım. İndi çox istərdim bütün boş vaxtlarımı istirahətə həsr edəm və heç nə etməyəm.
“Oskar” mükafatı alması haqqında
- Mənim üçün “Oskar” mükafatı almaq dünyada ən yaxşı oyuncağı udmaq kimi bir şey idi! İndi “Oskar” heykəlciyi evimdədir və mən bu heykəlciyi hər dəfə bir otaqdan digər otağa aparıram. Vacib qərar qəbul etməli olduğum günlərdə bu heykəlciyə baxıram. Hətta bir dəfə bu heykəlciyi özümlə dənizə də apardım. Mənim üçün “Oskar” mükafatı beş yaşlı uşağın ürəkdən arzuladığı dəyərsiz hədiyyə kimidir! İndiyədək bu mükafatı qazanmağıma inana bilmirəm, öz-özümə sual verirəm, görən bu, yuxu deyil ki?!
Doğum günləri haqqında
- Doğum günlərini çox da sevmirəm, çünki bu günlərdə çox əsəbiləşirəm. Hətta bir dəfə təsadüfən, bayram tortunun şamları ilə saçlarımı yandırdım. Həmişə diqqət mərkəzində olanda əsəbiləşirəm, hamı ad günü mahnısı oxuyarkən və ya hamının yanında hədiyyələri açmağa məcbur qalarkən əsəbiləşirəm, hətta bu zaman daha çox həyəcanlanıram, nəinki “Oskar” mükafatını alarkən!
Kumirləri haqqında
- Mənim sevimli aktrisam – Meril Stripdir. Onun tayı-bərabəri yoxdur, Meril Stripdin çəkildiyi bütün filmlərə baxmışam və onun istedadı qarşısında baş əyirəm. Onunla şəxsən tanış deyiləm, sadəcə, müxtəlif mərasimlərdə tez-tez görüşürük və həmişə ona yaxınlaşıb, heç bir söz demədən, onun yanaqlarından öpürəm. O, yəqin mənim dəli olduğumu düşünür. Bu həyatda məni ruhlandıran ikinci qadın anamdır. O, məni 21 yaşında doğub və bizim yaş fərqimiz çox da böyük deyil. Uşaqlıqda anam mənim ən yaxın rəfiqəm idi, bizim evimizdə tabular yox idi, anamla istənilən mövzuda söhbət edə bilirdim.
Ən çox xoşladığı məkan haqqında
- İstirahət etmək üçün ən çox sevdiyim yer – Karib dənizidir. Kariblərdə istənilən kurort çox gözəldir, orda özümü suda balıq kimi hiss edirəm! Və əlbəttə öz doğma şəhərim Madridi çox sevirəm, orda mənim ailəm yaşayır. 
Amerikadakı həyat haqqında
- Amerikada özümü evimdəki kimi hiss edə bilmirəm. Məni düzgün başa düşün. Yaşadığım Los-Anceles çox gözəl şəhərdir və işimlə əlaqədar olaraq bura gəlməyi çox sevirəm. Amma amerikalılar kimi yaşaya bilmərəm. Məsələn, onlar axşam altıda şam edirlər! Axı mən ispanam və bütün ispanlar kimi dadlı yeməklərin vurğunuyam! Mən özümü altıdan sonra qidalanmağa nə qədər alışdırmaq istəsəm də, buna müvəffəq ola bilmədim. Madridə gələrkən özümü evimdəki kimi hiss edirəm və nəhayət, bütün normal adamlar kimi axşam doqquzda şam edirəm. Yeri gəlmişkən, nə mənim, nə də ərim Havyer Bardemin sürücülük vəsiqəsi var, bu isə Los-Ancelesdə həyatı çətinləşdirir, hamı burda öz maşınında yola çıxır!
Tərcümə: Ramil Rahiboğlu
Qaynar.info