Yaponiyalı mexanik ilk dəfə porşen halqaları sifarişi almaq üçün “Toyota” şirkətinə müraciət edib, lakin rədd cavabı alıb. O, təslim olmaq əvəzinə bu uğursuzluqdan öz şirkətini yaratmaq üçün istifadə edib.
Qaynarinfo xəbər verir ki, “Supercar Blondie”nin yazdığına görə, söhbət məşhur “Honda” şirkətinin təsisçisi, yapon sahibkar Soitiro Hondadan gedir. Onun qarşısında çoxsaylı çətinliklər olsa da, Honda arzusuna doğru inamla irəliləyib.
Hondanın avtomobillərə sevgisi hələ uşaqlıqdan başlayıb. Atasının velosiped təmiri emalatxanası olub. Onun ilk xatirələrindən biri yoldan keçən “Ford Model T” avtomobilini görməsi ilə bağlıdır. Bəzi məlumatlara görə, o, avtomobildən o qədər təsirlənib ki, ona daha yaxından baxmaq üçün arxasınca qaçıb.
Artıq 15 yaşında Honda Tokiodakı avtomobil təmiri emalatxanasında şagird kimi işləməyə başlayıb. Daha sonra doğma şəhəri Hamamatsuyə qayıdaraq öz emalatxanasını açıb.
Honda avtomobillər hazırlamağa və yarışlarda iştirak etməyə başlayıb. O, hətta köhnə aviasiya mühərriki ilə təchiz edilmiş bolidlə yarışıb. Avtoidman sahəsində karyeraya başlamağın kifayət qədər ekstremal yolu olsa da, bu təcrübə onda avtomobil yaratmağa böyük maraq oyadıb.
Daha sonra Honda porşen halqaları istehsal etməyə başlayıb və onları “Toyota”ya satmağa çalışıb. Lakin şirkət onun ilk nümunələrindən razı qalmayıb və detalları qəbul etməyib.
Honda porşen halqalarını təkmilləşdirmək qərarına gəlib və onların istehsalının müxtəlif üsullarını sınaqdan keçirib. Nəticədə “Toyota”nın bəyəndiyi detalları hazırlamağa nail olub.
Motosiklet və avtomobil istehsalı
Hondanın şirkəti sürətlə inkişaf edib. Lakin İkinci Dünya müharibəsi zamanı onun zavodlarından biri bombardman nəticəsində dağılıb, digəri isə zəlzələ nəticəsində ciddi zərər görüb.
Honda biznesindən geriyə qalanları “Toyota” şirkətinə satıb, lakin istehsaldan tamamilə uzaqlaşmaq əvəzinə hər şeyə yenidən başlamaq qərarına gəlib. Bu dəfə o, diqqətini motosikletlərə yönəldib.
Problem onda idi ki, müharibədən sonra Yaponiyada yanacaq bahalı və çətin tapılan məhsula çevrilmişdi. Eyni zamanda insanların çoxuna sadəcə münasib qiymətə nəqliyyat vasitəsi lazım idi. Honda bu məsələdə velosipedlərdə imkan gördü.
O, artıq ehtiyatda olan kiçik mühərrikləri velosipedlərə quraşdırmağa başlayıb. Bununla insanlara tam ölçülü avtomobil almağa ehtiyac olmadan əlavə güc əldə etməyin ucuz yolunu təklif edib. Bu ideya o qədər populyar olub ki, Honda qısa müddət sonra öz motosikletlərini hazırlamağa başlayıb.
1946-cı ildə Honda Texniki Tədqiqat İnstitutu yaradılıb, 1948-ci ildə isə “Honda Motor Company” şirkəti təsis edilib. Artıq növbəti il şirkətin ilk tamhüquqlu motosikleti təqdim olunub.
“Honda” motosikletləri qısa müddətdə Yaponiyada böyük populyarlıq qazanıb, bir neçə il sonra isə ölkə hüdudlarından kənarda da tanınmağa başlayıb. Şirkət motosiklet yarışlarında iştirak edib və nəticədə beynəlxalq şöhrət qazanıb.
Daha sonra “Honda” avtomobil istehsalına başlayıb. 1970-ci illərdə bazara çıxarılan “Civic” modeli şirkətin tarixində ən uğurlu avtomobillərdən birinə çevrilib. Modelin uğurunda onun çox aşağı yanacaq sərfiyyatı da mühüm rol oynayıb. Bu xüsusiyyət yanacaq böhranının yaşandığı dövrdə xüsusilə əhəmiyyətli olub.
“Toyota”nın işə namizədləri yoxladığı qeyri-adi sınaq
“Supercar Blondie” daha əvvəl Şimali Karolinadakı “Toyota” zavodunun işə namizədləri yoxlamaq üçün keçirdiyi qeyri-adi kəndir sınağı barədə məlumat yayıb. Bu sınağın məqsədi şəxsin istehsalatda işləməyə uyğun olub-olmadığını müəyyənləşdirməkdir.
Sınaq iştirakçıları altı divar dirəyinin ətrafına kəndiri dəqiq ardıcıllıq və istiqamətdə altı saniyədən az müddətə dolamalıdırlar. İlk baxışdan tapşırıq aldadıcı dərəcədə asan görünür, lakin insanların çoxu tezliklə onun əslində kifayət qədər çətin olduğunu anlayır.
Aydın
Şərhlər