ABŞ prezidenti Donald Tramp Rusiyada 9 mayda "Qələbə günü" adlandırılan günlə bağlı Moskvaya səfər etmək niyyətində olmadığını bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə o, 21 fevral cümə günü Ağ Evdə jurnalistlərə açıqlama verərkən deyib.
Mediada yer alan 9 mayda Rusiyaya səfər edəcəyi barədə xəbərləri şərh etməsi istənildikdə, Tramp "Xeyr, mən getməyi planlaşdırmıram" cavabını verib.
Bundan bir gün əvvəl Fransanın Le Point qəzeti ABŞ prezidentinin "böyük ehtimalla" Moskvaya səfər edəcəyini və Vladimir Putinlə görüşəcəyini yazmışdı.
Kremlin sözçüsü Dmitri Peskov da təbliğat mediasına açıqlamasında Trampın Moskvaya səfərinin planlaşdırıldığı barədə yayılan məlumatları təkzib edib.
Qeyd edək ki, sonuncu dəfə ABŞ prezidenti 1995-ci ildə Moskvaya bu məqsədlə səfər etmişdi.
Xatırladaq ki, Donald Tramp və Vladimir Putin 12 fevralda telefon danışığı aparıb. Bundan sonra ABŞ prezidenti Ukraynadakı müharibəni "bitirmək üçün" danışıqların dərhal başlanacağını elan edib.
Kreml isə bundan sonra Tramp və Vladimir Putin arasında görüşün fevralın sonuna qədər baş tuta biləcəyini istisna etməyib.
Alpər
Şərhlər