ABŞ prezidenti Donald Tramp 18 fevralda avtomobillərə təxminən 25% tarif tətbiq etməyi, həmçinin yarımkeçiricilər və əczaçılıq məhsullarının idxalına bənzər tariflər qoymağı planlaşdırdığını bəyan edib.
Qaynarinfo xəbər verir ki, bu barədə o, Floridadakı Mar-a-Laqo malikanəsində jurnalistlərlə söhbətində
bildirib.
Trampın sözlərinə görə, avtomobillərə tətbiq olunacaq tariflər artıq 2 aprel tarixində qüvvəyə minəcək.
O əlavə edib ki, əczaçılıq məhsulları və yarımkeçiricilər üçün sənaye tarifləri də "25% və ya daha yüksək" səviyyədən başlayacaq və il ərzində əhəmiyyətli dərəcədə artacaq.
Tramp bu tariflərin dəqiq elan tarixini açıqlamayıb və bildirib ki, dərman və çip istehsalçılarına ABŞ-da zavodlar qurmaq və tariflərdən yayınmaq üçün müəyyən vaxt vermək istəyir.
O, dünyanın ən böyük şirkətlərinin bəzilərinin ABŞ-a yeni investisiyalar yatıracaqlarını yaxın həftələrdə elan edəcəyini gözlədiyini deyib.
Avropa İttifaqının qarşılıqlı tariflərdən yayına biləcəyi barədə suala cavab olaraq Tramp yenidən iddia edib ki, Aİ artıq amerikalı avtomobillər üçün tariflərini ABŞ-ın tətbiq etdiyi səviyyəyə endirəcəyini bildirib, baxmayaraq ki, Aİ qanunvericiləri bunu təkzib edirlər.
Tramp həmçinin Aİ rəsmilərinə təzyiq göstərmək niyyətində olduğunu və onları ABŞ avtomobillərinin və digər malların idxalını artırmağa vadar edəcəyini vurğulayıb.
Qeyd edək ki, 10 fevralda Tramp ABŞ-a idxal olunan polad və alüminium üçün 25% tarif tətbiq edib.
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Aİ-yə qarşı əsassız tariflərin cavabsız qalmayacağını bildirib.
13 fevralda "Bloomberg" agentliyi Trampın ticarət nümayəndəsi və ABŞ ticarət naziri üçün hər bir ölkəyə qarşı yeni tariflər təklif etməyi nəzərdə tutan fərman imzaladığını yazmışdı.
Avropa Komissiyası Trampın təklif etdiyi "qarşılıqlı" ticarət siyasətini yanlış istiqamətə atılmış addım kimi qiymətləndirir.
Alpər
Şərhlər