ABŞ Prezidenti Donald Tramp bu həftə Rusiya əleyhinə sanksiyaların tətbiqini nəzərdən keçirir.
Qaynarinfo xəbər verir ki, "The Wall Street Journal”ın mənbələrinə istinadən yazdığına görə, bu qərarın səbəbi Ukraynaya qarşı hücumların davam etməsi və sülh danışıqlarının ləng getməsi fonunda Trampın artan
narazılığıdır.
Mənbələrdən birinin bildirdiyinə görə, gözlənilən sanksiyalar yeni bank məhdudiyyətlərini əhatə etməyəcək, lakin Putinə təzyiq göstərmək üçün başqa yollar müzakirə olunur. Məqsəd – onu 30 günlük atəşkəsə razı salmaqdır.
Bununla belə, WSJ yazır ki, Tramp sanksiyalardan imtina edib danışıqlardan çəkilmək qərarına da gələ bilər. Nəşrin qeyd etdiyinə görə, Trampın fikirlərindən xəbərdar olan şəxslər bildiriblər ki, o, artıq sülh danışıqlarından bezib və son cəhd də nəticəsiz olarsa, prosesi dayandıra bilər.
ABŞ-ın sülh prosesindən çəkiləcəyi halda nə baş verəcəyi və Trampın Ukraynaya hərbi dəstəyi davam etdirib-etdirməyəcəyi hələlik bəlli deyil.
Ağ Evin mətbuat katibi Karolin Livitt WSJ-yə bildirib:
"Prezident Tramp dəfələrlə bildirib ki, o, sülh sazişinin danışıqlar yolu ilə əldə olunmasını istəyir. Prezident Tramp eyni zamanda, bütün variantları masa üzərində saxlamaqda haqlıdır".
WSJ qeyd edir ki, son həftələr ərzində Tramp Putinə təzyiq göstərməkdən yayınırdı. O, atəşkəslə razılaşmaq istəmədiyinə görə Putini cəzalandırmaq çağırışlarını qəbul etmirdi. Ukraynanın müttəfiqlərindən biri – senator Lindsi Qrem isə Trampa bildirib ki, Putin danışıqlara maraqlı deyil və yalnız cəza tədbirləri onu ciddi mövqe tutmağa vadar edə bilər.
Rəsmilərin fikrincə, Trampın düşüncələrinə üç əsas amil təsir göstərib:
1. Tramp Ukrayna prezidenti Volodimir Zelenskini sevmir. O düşünür ki, Zelenski sanksiyaları dəstəkləməklə münaqişənin uzanmasına şərait yaradır – baxmayaraq ki, atəşkəsə razılaşan tərəf məhz Zelenski olub. Bazar günü Tramp Putini sərt tənqid etsə də, sosial şəbəkədəki paylaşımında Zelenskini də hədəf alıb.
2. Tramp əlavə sanksiyaların Rusiyanın müharibə imkanlarını zəiflətməyəcəyini, əksinə, ABŞ-la Rusiya arasında iqtisadi əlaqələrin bərpasına mane olacağını düşünür.
3. Tramp Putini şəxsən tanıdığını və onun müharibəyə son qoyacağına ümid etdiyini hesab edirdi. Lakin ötən həftə baş tutan telefon danışığında Putinin atəşkəs sazişini imzalamaqdan imtina etməsi Trampın Rusiya lideri haqqında fikrini dəyişdi.
Trampın nəhayət Putinlə bağlı mövqeyini dəyişdiyi deyilir.
Tramp son günlərdə Putini sərt tənqid edib, onu dəli olmaqda və günahsız ukraynalıları səbəbsiz yerə öldürməkdə ittiham edib.
"O tamamilə dəli olub! O, heç bir zərurət olmadan çox sayda insanı öldürür. Söhbət təkcə əsgərlərdən getmir. Raket və dronlarla Ukraynanın şəhərlərinə səbəbsiz hücumlar olunur", – deyə Tramp yazıb.
Bu arada Senatda Rusiyaya qarşı sərt sanksiyaların tətbiqini nəzərdə tutan yeni qanun layihəsi həm respublikaçılar, həm də demokratlar tərəfindən geniş dəstək qazanıb. Bəzi senatorlar bu layihəni prezident Trampın razılığı olmadan səsverməyə çıxarmaq niyyətində olduqlarını bildiriblər.
Alpər
Şərhlər