ABŞ Prezidenti Donald Tramp İranın danışıqlara gedib-getməyəcəyindən "narahat olmadığını" deyib.
Qaynarinfo xəbər verir ki, o, bununla da milli təhlükəsizlik üzrə müşaviri Robert OʼBrayenin açıqlamasını şərh edib.
O'Brayen "Fox News”un efirindən İranın "maksimum təzyiq altında" olduğu üçün danışıqlar masasında oturmağa məcbur olacağını deyib. Tramp öz növbəsində, Twitterdəki mesajında onun sözlərini xatırladıb və əlavə edib ki, İran hakimiyyətinin danışıqlara gedib-getməyəcəyinə "qəti əhəmiyyət vermir".
Tramp onu da vurğulayıb ki, İranın "hər hansı nüvə silahı" olmamalıdır və hakimiyyət "etirazçıları öldürməməlidir”.
Xatırladaq ki, ABŞ və İran arasındakı münasibətlər İran generalı Qasım Süleymaninin yanvarın əvvəlində ABŞ-ın xüsusi əməliyyatı nəticəsində İraqda öldürülməsindən sonra pisləşib. Bundan sonra İran ABŞ hərbi qüvvələrinin yerləşdiyi İraqdakı bazalara atəş açıb və ABŞ İranın 17 mədən və metal şirkətinə və 8 yüksək vəzifəli İran rəsmisinə sanksiya tətbiq etməklə cavab verib.
Alpər