ABŞ prezidenti Donald Tramp General Motors, Ford və Stellantis rəhbərlərinin müraciətindən sonra Kanada və Meksikadan idxal olunan avtomobillərə tətbiq ediləcək gömrük rüsumlarını bir ay təxirə salıb. Şirkətlərin istehsalı ABŞ-a köçürməsi üçün son tarix 2 aprel olaraq müəyyən edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə TechCrunch məlumat
yayıb.
Möhlət, qonşu ölkələrdən idxala 25%-lik rüsumların tətbiqindən iki gün sonra elan edilib. Halbuki, bu ölkələrdən idxal əvvəllər USMCA (keçmiş NAFTA 2.0) ticarət razılaşması sayəsində rüsumlardan azad idi.
Avtomobil istehsalçılarının mürəkkəb tədarük zəncirləri və ABŞ-dan kənarda istehsal gücləri var. Məsələn, GM Chevrolet Equinox modelini Kanada və Meksikada, Ford Lincoln Nautilus-u Kanadada, Stellantis isə Dodge Charger-i Ontarioda istehsal edir. Həmçinin, bu ölkələrdə çoxsaylı avtomobil ehtiyat hissələri tədarükçüləri fəaliyyət göstərir.
Ekspertlər xəbərdarlıq edirlər ki, yeni rüsumlar avtomobillərin qiymətini 12 000 dollara qədər artıracaq. Bu isə tələbi azalda və dilerlərin satılmamış avtomobillərlə qalmasına səbəb ola bilər.
Tramp avtomobil istehsalçılarını istehsalı ABŞ-a qaytarmağa çağırıb. Ağ Evin nümayəndəsi Kerolayn Levitt bildirib ki, prezident ayın sonuna qədər şirkətlərdən müvafiq addımlar gözləyir.
Ford-un baş direktoru Cim Farli vurğulayıb ki, şirkətin istehsalı dərhal köçürmək üçün boş istehsal sahələri yoxdur və uzunmüddətli gömrük rüsumları sənayeyə ciddi zərbə vura bilər.
Edmunds.com-un məlumatına görə, ABŞ-da satılan avtomobillərin təxminən 50%-i ölkə daxilində istehsal olunur. 17,4%-i Meksikada, 7,4%-i isə Kanadada yığılır.
Ford artıq ABŞ-a milyardlarla dollar sərmayə yatırdığını və sektorda gələcəyin təmin edilməsi üçün hökumətlə danışıqlar apardığını açıqlayıb.
Alpər
Şərhlər