Xəbər lenti

Dünya 15:15 24.01.2025

"Tramp neft bazarına diqtə edə bilməz" - Ekspert

"Trampın neftin qiymətilə bağlı təklifi real deyil. Çünki həmin təkliflərin reallaşması qlobal enerji təhlükəsizliyini təhdid altına ala bilər”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında neft-qaz məsələləri üzrə mütəxəssis Zəfər Vəliyev ABŞ prezidenti Donald Trampın neftin qiymətinin kəskin aşağı salınmasına nail olmaq istəyini şərh edərkən deyib:
 
"İndiki dövrdə neft qiymətinin hansısa siyasi təzyiqlərlə aşağı salınması nə neft hasil edən, nə də onu istehlak edən dövlətlərin maraqlarına uyğun deyil. Çünki neftin maya dəyərindən aşağı satılması bütün mənalarda neft bazarını, o cümlədən ABŞ bazarını da çökdürə bilər. ABŞ-da sutkalıq neft hasilatı 13,4 milyon bareldən çoxdur. Onun ortalama neft ixracı isə 3,5 milyon barreldən çoxdur. Belə olan halda Tramp adminstrasiyasının neft hasilatının artırılması tələbləri yersizdir. Bu bazar konyukturuna, neft hasil edən ölkələrin iqtisadi-siyasi maraqlarına ziddir”.

Ekspert qeyd edir ki, tələbatdan artıq neft həcminin bazara çıxarılması qısa müddətdə neft sənayesinə aqressiv şəkildə təsir göstərə bilər:

"Ona görə də Trampın neftin qiymətinin kəskin aşağı salınması tələbi yerində olan tələb deyil. Bu ABŞ-ın özündə neft hasil edən şirkətlərin də marağına cavab vermir. ABŞ-da hasil edilən neftin 80 faizindən çoxu yüngül və aşağı oktan ədədli neftdir. Dünya bazarında ilk növbədə oktan ədədi yüksək olan Azərbaycan neftini alırlar. Ondan keyfiyyətli aviasiya yanacağı alınır. Liviya neftinin 9 eksport sortu var. Yalnız ondan sonra ABŞ-ın neftini alırlar. Belə olan halda ABŞ yataqlarındakı hasilat həcmi artarsa, o nefti satmaq mümkün olmayacaq. ABŞ-dakı zavodların konfiqurasiyası mürəkkəb konfiqurasiyalı neft email zavodlarıdır. Burada yüngül və ağır nefti qarışdırıb, ondan orta ağır, medium nefti alırlar. Neft qiymətləri böhran zonasına düşərsə, hasilat da aşağı düşəcək. Onda da enerji təhlükəsizliyinə təhlükə yarana bilər”. 
 


Həmsöhbətimiz hesab edir ki, neftin indiki qiymətləri ədalətli qiymətlərdir:
 
"Ədalətli neft qiyməti əldə etmək üçün ilk növbədə dünyanın bütün ölkələrində neft bazarları şəffaf olmalı, ağır və yüngül neft balansı qorunmalıdır. Onda da neft məhsullarının qiyməti əlçatan olacaq. Bu mənada Trampın neftin qiymətilə bağlı ideyası və təklifi real deyil. Çünki həmin təkliflərin reallaşması qlobal enerji təhlükəsizliyini təhdid altına ala bilər”. 

Z.Vəliyev deyir ki, neftin qiymətinin 50 dollardan aşağı düşməsi Rusiya üçün böhranlı vəziyyət deməkdir:

"Rusiyanın neft hasilatı keçən il 521 milyon ton olub. Hələ Rusiyada statistikadan gizlədilən həcmləri demirəm. Mütəxəssislər deyir ki, bu rəqəm 10 milyon tondan yuxarıdır. Rusiyadakı istismarda olan yataqların əksəriyyəti hasilatın pik dövünü arxada qoyub. Deməli, hasilatın maya dəyəri qalxa bilər. Hesab edirəm ki, Rusiya və digər bir çox neft hasil edən ölkələr üçün neftin qiymətinin 50 dollardan aşağı olması artıq böhranlı vəziyyətdir. Rusiyanın nefti onsuz da bir neçə əldən keçəndən son məntəqəyə çatır. Bunların hamısı da xərcdir. Belədə onsuz da Rusiyanın neftdən gələn gəlirləri durmadan aşağı düşür. Rusiyanın 180-ə yaxın gəmisi sanksiya altına düşüb ki, onu da 143 neft və neft məhsullarını daşıyan tankerlərdir. Xüsusən də Rusiyanın Kozmina, Vladivostok, Naxodkadakı limanlarında artıq gəmi problem yaranıb. Ukrayna ilə danışıqlarda razılıq əldə olunmasa onda Rusiya qısa müddətdə daha ciddi problemlərlə üzləşəcək”. 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp neftin qiymətinin kəskin aşağı salınmasında maraqlı olduğunu ortaya qoyub. Bundan da məqsəd Rusiyanı danışıqlara getməyə vadar etməkdir. Bu məqsədlə də Tramp Səudiyyə Ərəbistanı və OPEC ölkələrindən neftin qiymətini aşağı salmağı tələb edəcək. Onu da bildirək ki, Trampın qiymətlərini aşağı salmaq niyyətində olduğunu elan etməsindən sonra "qara qızıl" kəskin şəkildə ucuzlaşıb. Londonun "ICE Futures” birjasında "Brent” markalı neftin mart fyuçerslərinin qiyməti bir barel üçün 78,42 dollar təşkil edir ki, bu da əvvəlki hərracın bağlanış qiymətinə nisbətən 0,58 dollar (0,73%) azdır. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->