Xəbər lenti

Tramp prezidentliyinin ilk günündə 100-dən çox fərman imzalayacaq - KİV
Dünya 12:42 11.01.2025

Tramp prezidentliyinin ilk günündə 100-dən çox fərman imzalayacaq - KİV

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp prezidentliyinin ilk günündən başlayaraq imzalamağı planlaşdırdığı 100-dən çox fərman hazırlayır.

Qaynarinfo bu barədə "Associated Press"ə istinadla xəbər verir.

Bu fərmanlar əsasən sərhəd təhlükəsizliyi, deportasiya və digər siyasi prioritetlərlə bağlı məsələləri əhatə edəcək.

Tramp bu planlar barədə Respublikaçı senatorlarla Kapitoli təpəsində keçirilən qapalı görüşdə məlumat verib.

Gözlənilir ki, nəzərdə tutulan tədbirlərdən bir çoxu 20 yanvar – Trampın andiçmə günü etibarilə qüvvəyə minəcək.

Eyni zamanda, Trampın müşaviri Stiven Miller Respublikaçılar Partiyasından olan senatorlara sərhəd təhlükəsizliyi və miqrasiya nəzarəti ilə bağlı ehtimal edilən tədbirlər haqqında məlumat verib.

"Onların sayı əhəmiyyətli dərəcədə çox olacaq", –  Nyu-Cersi ştatından olan respublikaçı senator Con Hoven bildirib.

Trampın planlaşdırdığı tədbirlər

Trampın müttəfiqləri onun müxtəlif mövzular üzrə – ABŞ və Meksika sərhədinin bağlanmasından tutmuş enerji sektorunun inkişafına, işçi qüvvəsindən federal istifadə qaydalarına, məktəblərdə gender siyasətinə və məcburi peyvəndlərə qədər – vədlərini tez bir zamanda həyata keçirə biləcək bir sıra fərmanlar hazırlayıblar.

Nəşr qeyd edir ki, Trampın və komandası tərəfindən planlaşdırılan bu tədbirlər müasir dünyada icra hakimiyyətinin görünməmiş nüfuzu ilə xarakterizə olunur, çünki onlar Konqresin qanunvericilik aparatı ilə yanaşı istifadə olunmamış yollarla hakimiyyəti həyata keçirmək niyyətindədirlər.

Respublikaçı senatorlarla görüş

Bu həftə Kapitolidə Tramp və komandası ilə keçirilən uzunmüddətli iclas zamanı senatorlara təqdim edilən planlara görə, yeni administrasiya Bayden administrasiyasının fərmanlarını ləğv etməklə yanaşı, öz təkliflərini də tətbiq etməyi planlaşdırır.

Plana sərhəddə divarın tikintisinin başa çatdırılması və miqrasiya mərkəzlərinin yaradılması daxildir. Bu mərkəzlərdə miqrantların deportasiya olunana qədər saxlanması nəzərdə tutulur və ümumi maliyyə həcmi 100 milyard dollar dəyərində qiymətləndirilir.

Təkliflərin təsdiqlənməsi

Gələn həftə Tramp administrasiyasında yüksək vəzifələrə təyin olunmuş şəxslər Senatın təsdiqindən keçəcək. Ənənəyə görə, prezidentin andiçməsindən dərhal sonra bəzi təyinatlar təsdiqlənir.

Əlavə planlar

KİV-lər xəbər verir ki, Tramp prezidentliyinin ilk günü transgender hərbçilərin ordudan çıxarılmasına dair fərman imzalayacaq.

Bundan əlavə, Tramp Ədliyyə Nazirliyində əsaslı islahatlar aparmaq niyyətində olduğunu bildirib. Onun planlarına 2020-ci il seçkilərinin saxtalaşdırılmasını araşdırmaq üçün xüsusi istintaq qruplarının yaradılması və öz işlərində iştirak etmiş əsas vəzifəli şəxslərin işdən azad edilməsi daxildir.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->