Xəbər lenti

Tramp Rusiyanın Ukraynaya qarşı müharibəsini bitirmək vizyonunu konkretləşdirdi
Dünya 14:28 26.06.2024

Tramp Rusiyanın Ukraynaya qarşı müharibəsini bitirmək vizyonunu konkretləşdirdi

ABŞ prezidentliyinə namizəd Donald Trampın qərargahı "Amerikanın Səsi” radiosuna bildirib ki, onun potensial ikinci müddətinin prioriteti Rusiya və Ukrayna arasında müharibəni mümkün qədər tez bitirmək olacaq, lakin Avropa ölkələri təhlükəsizliyin dəstəklənməsinə daha çox töhfə verməlidir.

Qaynarinfo xəbər verir ki, bu barədə Tramp kampaniyasının kommunikasiya direktoru Stiven Çenqin "Amerikanın Səsi”nin sorğusuna yazılı cavabında deyilir.

"Prezident Tramp dəfələrlə bildirib ki, onun ikinci müddətinin əsas prioriteti Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün tez bir zamanda razılaşma əldə etmək olacaq. Prezident Tramp hesab edir ki, Avropa ölkələri münaqişənin xərclərinin daha böyük hissəsini ödəməlidir, çünki ABŞ əhəmiyyətli dərəcədə daha çox ödəyib, bu bizim vergi ödəyicilərinə qarşı ədalətsizlikdir”, - Çenq deyib.

Məktubda deyildiyi kimi, Tramp "dünya səhnəsində sülhü bərpa etmək və Amerikanın gücünü və çəkindiriciliyini bərpa etmək üçün lazım olan hər şeyi edəcək”. 

Qərargah Trampı Rusiyanın Ukraynaya qarşı müharibəsini bitirə biləcək "yeganə şəxs” adlandırır və qeyd edir ki, o, prezident olsaydı, bu müharibə başlamazdı.
Qeyd edək ki, bir gün əvvəl Trampın iki müşaviri ona Rusiyanın Ukraynaya qarşı müharibəsini bitirmək planını təqdim ediblər. Orada qeyd olunur ki, Tramp ABŞ prezidenti seçiləcəyi halda, Ukraynaya, sülh danışıqlarından imtina edərsə, hərbi yardımın verilməsini dayandıra bilər, lakin Moskvaya xəbərdarlıq ediləcək ki, danışıqlardan hər hansı imtina Kiyevə dəstəyin artmasına gətirib çıxaracaq.

Daha əvvəl də mətbuatda Trampın Ukraynanı müharibəni dayandırmaq üçün Rusiya Federasiyasına ərazi güzəştlərinə getməyə sövq etmək istədiyi barədə məlumatlar yayılmışdı.

Trampın özü tez-tez öyünür ki, prezident olarsa, 24 saat ərzində Rusiya və Ukrayna arasında sülh sazişi bağlaya bilər. Lakin o, bunu necə edəcəyini ictimaiyyətə açıqlamaqdan dəfələrlə imtina edib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->