Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Co Baydenin rəhbərlik etdiyi ölkənin hazırkı rəhbərliyini tənqid edib, çünki İsrail və HƏMAS arasında məhbus mübadiləsi çərçivəsində bir nəfər də olsun amerikalı azad olunmayıb.
Qaynarinfo "Fox News"a
istinadən xəbər verir ki, Trampın fikrincə, bu, ABŞ və onun rəhbərliyinə qarşı hörmətsizliyi göstərir.
"HƏMAS-ın başqa ölkələrdən insanları geri qaytardığını, lakin hələ də heç bir amerikalı girovu geri qaytarmadığını görən varmı? Bunun yalnız bir səbəbi var: ölkəmizə və rəhbərliyimizə hörmət yoxdur", deyə Tramp "Truth Social"da yazıb.
O, həmçinin bunu "Amerika üçün çox kədərli və qaranlıq dövr" adlandırıb.
NBC telekanalı isə ABŞ prezident administrasiyasının yüksək rütbəli məmuruna istinadən bildirib ki, Ağ Ev azad edilmiş girovlar arasında amerikalıların olmamasından məyusdur.
"Hələlik siyahıda amerikalıların olmaması bizi məyus edir, lakin növbəti bir neçə gün üçün ümidliyik. ABŞ ümid edir ki, atəşkəs və mübadilə davam edəcək, çünki biz bütün girovların azad edilməsini istəyirik", deyə adının açıqlanmasını istəməyən rəsmi bildirib.
Bundan əvvəl İsrail Qəzzadan olan ikinci qrup girov müqabilində fələstinli məhbusların ikinci qrupunu azad edib. Həbsxanadan çıxan fələstinlilər Fələstinin iki əsas bölgəsindən biri olan İordan çayının qərb sahilinə aparılıb. Keçmiş məhbusları daşıyan avtobuslar Beytuniya şəhərinə gəlib və burada onları yaxınları da daxil olmaqla yüzlərlə yerli sakin qarşılayıb.
Aydın