"Donald Tramp bu prosesdə qalib olacaqmış kimi görünür”.
Bu sözləri Donald Trampın impiçment məsələsinin gündəm olması, bu proses başa tutarsa nə dəyişəcək, Tramp üçün nəticələri nə olacaq və s. sualları cavablandırarkən Qaynarinfo-ya politoloq Tural İsmayılov deyib.
Tural İsmayılov qeyd edib ki, Nümayəndələr Palatasında demokratların çoxluğu impiçment məsələsinin ortaya çıxmasına səbəb olub:
"Lakin bu prosesdə demokratların qalib olduğunu söyləmək olmaz. Çünki bu məsələyə ikinci mərhələdə Senatda baxılacaq ki, orada da respublikaçılar kifayət qədər çoxluğa malikdir. Yəni, impiçment qərarı elə Nümayəndələr Palatasına geri qayıdacaq bir növ. Beləliklə, son dövrlər Qərb siyasətində özünü büruzə verən mühafizəkar baxışın Amerikadan da yan keçməyəcəyini söyləmək olar. Bu qərardan sonra Trampın ətrafında daha da birləşən respublikaçıların Donald Trampın haqlı olmağı üzərindən ciddi kompromis əldə etdiyini də düşünmək olar. Bundan başqa, Trampın impiçmentinin Nümayəndələr Palatasından o tərəfə getməyəcəyini demokratlar da proqnozlaşdırmamış deyil. Buna rəğmən, Pelosi kimi "ərköyünlərin” qərarı ciddi formada demokratların əleyhinə çevrilə bilər. Həm də impiçment müzakirəsinə səbəb olan Donald Trampın Zelenskidən qeyri-qanuni tələblər etməyi və digər məsələlər barədəki söhbətlər də Ukrayna tərəfindən və ABŞ-dakı geniş cameə tərəfindən təsdiqlənmədi. Bütün bunlar həm də maraqlı bir nüansı ortaya çıxarır, Britaniyada Conson Breksit qərarı ilə səs çoxluğuyla qalib gəldi, Tramp ictimai rəydə mövqelərini gücləndirir və Qərbdə neokonservativ siyasi baxış ictimai rəydə möhkəmlənir”.

Tural İsmayılov bildirib ki, Nümayəndələr Palatasında təmsil olunan demokratların hamısının yekdilliklə Trampın impiçmentinə səs verməsi Trampa qarşı güclü əks kampaniya düşünüldyünü də deməyə əsas verir:
"Nümayəndələr Palatasındakı səsvermədən öncəki gün demokratlar Donald Trampı hakimiyyətdən kənarlaşdırmaq cəhdindən əl çəkməyəcəklərini söylədilər. Həm də bu qərar Trampın növbəti seçkilərdə namizəd olmağını əngəlləmir. Demokrat Partiyasının iki üzvü ictimaiyyətə bəyan etmişdi ki, ABŞ Prezidentinin hakimiyyətdən kənarlaşdırılması təşəbbüsünü dəstəkləməyəcəklər. Bunu Trampın xeyrinə çevrilə biləcək kampaniya kimi düşündükləri üçün bu qərarı versələr də, ciddi tənqidlərə tuş gəldilər".
Politoloq qeyd edib ki, 2020-ci ildə Senat impiçmenti müzakirə edəcək və güman ki, impiçment məsələsi tamamilə qapadılacaq:
"Senatda respublikaçılar səs çoxluğuna malikdir ki, bu da Trampı "təmizə çıxarmaq” üçün bəs edir. Elə bunlara görə də Tramp Senatda impiçment prosesinə dərhal başlamağı tələb edib. Nəzərə almaq lazımdır ki, bir respublikaçı belə Tramp əleyhinə səs verməyib, bu da onun partiyadakı mövqeyinin gücünü göstərir”.
Ekspert söyləyib ki, istənilən halda 2020-ci ilin yanvar ayı çox gərgin və maraqlı siyasi olaylarla müşahidə olunacaq.