Dünya 13:58 10.02.2023

Trampçılar Ukraynaya qarşı hərəkətə keçdi: Qətnamə layihəsi təqdim edildi

Florida ştatından olan Nümayəndələr Palatasının üzvü Mett Qets və daha on konqresmen ABŞ prezidenti Co Baydeni Ukraynaya hərbi və maliyyə yardımını dayandırmağa, münaqişənin bütün tərəflərini isə sülh sazişi bağlamağa çağıran "Ukraynadan yorğunluqla bağlı qətnamə” layihəsi təqdim ediblər. 

Qaynarinfo xəbər verir ki, bu barədə Fox News məlumat yayıb.

Sənəddə deyilir ki, Ukraynada münaqişə başlayandan bəri Birləşmiş Ştatlar müharibə səylərinə böyük töhfə verib, müttəfiqə 110 milyard dollardan çox maliyyə, hərbi və humanitar yardım göstərib ki, bunun da 27,4 milyard dolları təhlükəsizlik ehtiyaclarına yönəlib.

Sənəddə münaqişə başlayandan bəri Vaşinqtonun Kiyevə verdiyi avadanlığın miqdarı sadalanır. O, həmçinin Pentaqon rəsmilərinə istinad edərək bildirib ki, döyüş sursatları "Birləşmiş Ştatların ehtiyatlarını xeyli tükəndirib, münaqişə vəziyyətində ABŞ-ın hazırlığını zəiflədib”.

Tramçılar həmçinin vurğulayırlar ki, ABŞ yardım göstərməklə qeyri-ixtiyari olaraq mülki əhalinin itkisinə töhfə verir və ABŞ-ın hesablamalarına görə, münaqişədə 40 000 mülki vətəndaş həlak olub.

"Amerika idarə edilə bilən tənəzzül içindədir və vergi ödəyicilərinin pullarını xarici müharibəyə xərcləməyə davam etsək, bu, daha da güclənəcək. Biz Ukraynadakı müharibəyə istənilən xarici yardımı dayandırmalı və bu münaqişənin bütün tərəflərindən dərhal sülh razılaşması əldə etməyi tələb etməliyik", - Qets bildirib.
ABŞ Respublikaçılar Partiyasının Trampçı qanadı dəfələrlə fərziyyələr səsləndirib ki, Vaşinqton lazımi cavabdehlik olmadan Ukraynaya həddən artıq çox pul ayırır. 
Keçən ilin noyabrında trampçılar artıq Ukraynaya hərbi yardımın auditi ilə bağlı qətnamə layihəsi təqdim etməyə çalışsalar da, o, Demokratlar Partiyasının nümayəndələrinin üstünlük təşkil etdiyi müvafiq komitədən keçməyib.

Nizami Bağırov