Dünya 19:00 04.03.2023

Trampdan fantastik ideya: ABŞ-da 10 futuristik azadlıq şəhəri, uçan maşınlar...

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 10-a qədər futuristik "azadlıq şəhəri” salmağı təklif edib. 

Qaynarinfo CNN-ə istinadla xəbər verir ki, bu, Trampın "cəsarətini itirmiş” ölkədə "yeni Amerika gələcəyini yaradacaq” planının bir hissəsidir.

Tramp bildirib ki, o, prezident olduqdan sonra abadlaşdırılmamış torpaqlarda təxminən Vaşinqtonun böyüklüyündə 10 "azadlıq şəhəri"ni icarəyə götürmək üçün tender elan edəcək. Keçmiş prezident xatırladıb ki, amerikalılar vaxtilə sərhəddə şəhərlər salaraq vəhşi torpaqda yeni ölkə yaradıblar, indi isə kosmosa peyklər buraxırlar. O, "azadlıq şəhərləri"nin qurulmasının Amerika arzusunu geri qaytarmağa kömək edəcəyini deyib.

45-ci prezident deyib: "Biz həqiqətən də ölkəmizdə yeni şəhərlər salacağıq. "Bu azadlıq şəhərləri sərhədləri yenidən açacaq, Amerika təxəyyülünü canlandıracaq və yüz minlərlə gəncə və bütün zəhmətkeş ailələrə evə və əslində Amerika arzusuna sahib olmaq üçün yeni şans verəcək”.

O, həmçinin əlavə edib ki, bu futuristik şəhərlərin sakinləri uçan avtomobillərdə gəzə bilərlər. Eyni zamanda, Tramp qeyd edib ki, şaquli uçan və enən maşınların yaradılması üzərində iş artıq ABŞ və Çinin iri aviaşirkətləri, avtomobil istehsalçıları və digər şirkətlər tərəfindən aparılır, baxmayaraq ki, çoxları belə cihazların bazara çıxması üçün uzun illər gərəkdiyinə inanır. Eyni zamanda, Trampın fikrincə, ABŞ bu sahədə Çini geridə qoyaraq liderlik edə bilər.

15 noyabr 2022-ci ildə Donald Tramp 2024-cü ildə yenidən prezidentliyə namizədliyini irəli sürmək istədiyini açıqlayıb. Onun yeni şəhərlər salmaq ideyası 28 yanvar 2023-cü ildə başladığı seçki kampaniyası çərçivəsində elan edilib.

Alpər