Xəbər lenti

Trampın inadının səbəbi: Yaxşı bildiyi ABŞ seçki sisteminin "sakatlığı” (ŞƏRH)
Dünya09:32 07.01.2021

Trampın inadının səbəbi: Yaxşı bildiyi ABŞ seçki sisteminin "sakatlığı” (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"İnternetin, sosial medianın olmadığı dönəmlərdə mövcud olub, işləyən bütün siyasi sistemlərdə yeni dünya düzəninə görə yeni dizayna ehtiyac var”.
Qaynarinfo xəbər verir ki, bu sözləri hüquqşunas Ələsgər Məmmədli ABŞ-da yaşanan siyasi hadisələri şərh edərkən deyib. Onun sözlərinə görə, insanlar internet olmayan dönəmlərdə olduğu kimi, informasiyaları tək tərəfdən - siyasətçilərdən və onların dolaylı, yaxud birbaşa yönəltdiyi medialardan (TV-lər, radiolar, qəzetlər) almır: 
"İndi hər kəs həm də informasiya yayıcıdır. Hər kəsin öz düşüncələrini başqaları ilə paylaşmaq, onlarla bir məxrəcə gəlmək, hətta onları yönəltmək imkanları var. 
Məhz Web 2.0  texnologiyanın geniş tətbiqi, sosial medianın genişlənməsi yaxın coğrafiyamızda illərdir sürdürülən rejimləri çalxalayıb. ABŞ siyasi sistemi də ən əski rejimlərdəndir və ədalət baxımından mübahisələndirilə bilən ənənvi yanaşmaları olan sistemdir. 
Son illər özəlliklə ABŞ siyasi siteminin bel sütunu olan seçki sistemi ciddi müzakirələrə səbəb olub. Prezident seçkilərində seçkilərin birbaşa olmaması, ştatların əhalisinə görə təmsillərin ədalətli dağılmaması, nəticələrin adil olmaması müxtəlif miqyasda müzakirələrə səbəb olub. Məsələn, 2000 seşkilərində demokrat rəqibi Al Qordan 500 000 az səs alan respublikaçı Corc Buş prezident kürsüsündə oturmuş, sonrasında dünya düzənində qalıcı dəyişikliyə səbəb olan bir 8 il yaşanmışdı. Lakin sosial media fenomeni olmadığından o dönəm oyun qaydaları çərçivəsində yekunda "məğlub" tərəf "qalib" tərəfin əlini sıxıb, yola davam etmişdi.
2016-cı ildə Trampın seçkilərdə "qalib" gəlməsi əslində onun sosial media alətindən bir siyasətçi kimi daha yaxşı istifadəsi ilə olub. Əminəm ki, ənənvi metodlarda Tramp ABŞ-da prezidentlik kürsüsündə otura bilməzdi. Özəlliklə, düşünəndə ki, ABŞ-ın ənənəvi mediası əsasən onun qarşısında yer alırdı, o zaman sosial medianın yoxluğu onun kürsüdən uzaqda qalması ilə yekunlaşardı...
2016 seçkilərində Trampın demokrat rəqibi və Hilllari Klintondan 3 milyona yaxın az səs almasına baxmayaraq, prezident kürsüsünə çıxması digər bir problemi daha da qabarıq ortaya çıxardı. ABŞ seçki sisteminin "sakatlığını". 
İstər demokratiya baxımından, istər ədalət baxımından bu nəticə ciddi sorğulanmağa başladı. Çünki demokratiya klassik anlamda həm də çoxluğun rəyinin önəmsəndiyi sistemdir. Ədalət tərəzisi də daha çox səs verənin yanında olmağı tələb edir. Lakin 3 milyon daha az səs alan bir namizəd prezident oldu.  
Dünən baş verənlərdə həm də bu baxımdan demokratların və onları dəstəkləyən ənənvi medianın payı az deyil. 
4 il boyunca cəmiyyətə bir mesaj ötürülür: Tramp KQB-nin, Rusiyanın seçkiyə müdaxiləsi ilə prezident olub. Ortaya əsaslı hüquqi dəlillər, faktlar qoyulmasa da, toplumun şüuraltısına bu 4 ildə bu fikir yerləşdirildi. Bunun paralelində, onsuz da ədalətli olduğu şübhəli olan seçki sisteminə inam da yaralandı. Cəmiyyət "rus müdaxiləsinə" açıq bir sistemə niyə etibar etməli, niyə güvənməlidir? 4 il əvvəl müdaxilə olubsa, bu gün də ola bilməzmi? 
Trampın əslində həm özü, həm də bəlkə səmimi tərəftarlarının çoxu artıq inanır ki, seçki sistemi güvənsizdir və bu seçkinin nəticəsinə müdaxilə mümkündür. 
Sosial medianın geniş inkişafı və seçicilərin ənənəvi yanaşmalardan çıxaraq, güncəl ədalət axtarışının artması yekun olaraq bugünkü mənzərəni yaradıb. 
Yekun olaraq, ABŞ seçki sisteminin ənənəvi formatının işləmədiyi, yenilənməyə və ədalətli təmsilə söykənməyə ciddi ehtiyacı olduğu qaçılmazdır”. 
Orxan Əhmədli