Xəbər lenti

Trampın İrana gözdağı verdiyi
Dünya 13:47 29.01.2026

Trampın İrana gözdağı verdiyi "nəhəng armada": 8 donanma bir araya gəldi

ABŞ-ın Yaxın Şərqə göndərdiyi "Lincoln” təyyarədaşıyan zərbə qrupu tərkibindəki hava gücü, esmineslər və mümkün nüvə sualtı qayıq dəstəyi ilə diqqət çəkir. Sakit okeandan Yaxın Şərqə yönəldilən və İrana diplomatik mesaj daşıyan "nəhəng armada” mümkün hücum halında hansı imkanlara malikdir?

Qaynarinfo xəbər verir ki, ABŞ prezidenti Donald Tramp administrasiyasının İrana qarşı sərtləşən mövqeyi Yaxın Şərqə göndərilən təyyarədaşıyan qrup və geniş hərbi ehtiyatla yeni mərhələyə keçib.

Vaşinqtonun bölgəyə yerləşdirdiyi "böyük güc” mümkün hərbi müdaxilənin infrastrukturunu formalaşdırmağa başlayıb. Bu güc ABŞ sahədəki hərbi variantlarını gücləndirməyi hədəfləyib. Eyni zamanda bu addımın Tehranın nüvə proqramı, ballistik raketləri və regional siyasəti ilə bağlı danışıqlara məcbur edilməsi məqsədi daşıdığı qiymətləndirilir. Mütəxəssislər hərbi mövcudluğun güclü gözdağı və diplomatik təzyiq aləti kimi istifadə edildiyini vurğulayır.

İrandakı etirazlara Tehran rəhbərliyinin sərt müdaxiləsinə hərbi cavab vermədiyi üçün iranlı etirazçılar tərəfindən "tərk edilməkdə” ittiham olunan Donald Tramp, Venesuelanı mühasirəyə alan donanmadan daha böyük olduğunu bildirərək deyib: "İrana doğru nəhəng bir armada yola çıxıb. Böyük güc, qətiyyət, coşqu və məqsədlə çox sürətlə irəliləyir".

Daha əvvəl "USS Abraham Lincoln” təyyarədaşıyanının Fars körfəzinə doğru hərəkət etdiyini qeyd edən Tramp, "Truth Social” hesabındakı son paylaşımında xəbərdarlığını təkrarlayıb: "Zaman daralır, bu həqiqətən çox vacibdir. İrana daha əvvəl də dediyim kimi, razılaşma əldə edin!"

İranın xarici işlər naziri Abbas Əraqçi isə Trampa cavab olaraq bildirib: "Cəsur silahlı qüvvələrimiz torpaqlarımıza, hava məkanımıza və dənizlərimizə yönələn istənilən hücuma dərhal və güclü şəkildə cavab verməyə hazırdır”.

İran rəsmiləri ölkəyə mümkün hücumun bölgədəki bütün ABŞ bazalarını "qanuni hədəf”ə çevirəcəyini açıqlayıb. Tehrandakı İnqilab Meydanına ABŞ-a yönəlik farsca və ingiliscə "Külək əkən fırtına biçər” sözləri yazılmış sərt xəbərdarlıq pankartı asılıb. Pankartda zədələnmiş döyüş təyyarələri ilə dolu bir təyyarədaşıyan təsviri yer alıb.



Yaxın Şərqə göndərilən ABŞ gücünün imkanları nədir?

Bölgədə gərginliyi pik həddə çatdıran qarşılıqlı açıqlamalardan sonra Böyük Britaniya mərkəzli "The Telegraph” qəzeti Trampın "nəhəng armada” adlandırdığı zərbə qrupunun İrana qarşı mümkün hücumda nələr edə biləcəyini və potensialını araşdırıb.

Qəzetin yazdığına görə, "Lincoln” təyyarədaşıyan zərbə qrupu (CSG) ABŞ üçün strateji əhəmiyyətə malik Cənubi Çin dənizindən Orta Şərqə göndərilib.

CSG-nin çox güclü atəş imkanlarına malik olduğunu bildirən nəşr, tərkibindəki "USS Abraham Lincoln”un üç ədəd "Arleigh Burke” sinifli idarəolunan raket esminesi tərəfindən qorunduğunu qeyd edib. Normal şəraitdə bu qrupa bir nüvə hücum sualtı qayığının da müşayiət etdiyi vurğulanıb.

Qəzet, CSG-nin F-35 "gizli” döyüş təyyarələri, "F/A-18 Super Hornet"lər və "E-18 Growler" elektron müharibə təyyarələrindən istifadə edən səkkiz eskadrilyanı bir araya gətirdiyini də yazıb.

ABŞ-ın Sakit okeandakı qüvvələrini Yaxın Şərqə yönəltməsi Tramp administrasiyasının İranla mümkün danışıqlar öncəsi güclü hərbi mesaj vermək istədiyi kimi şərh olunur.

Bölgədəki ABŞ mövcudluğu genişlənir

Beynəlxalq Böhran Qrupunun ABŞ proqramı üzrə direktoru Maykl Hanna bildirib: "ABŞ bölgəyə yenidən qüvvələr axıdır. Bölgədə böyük bir yığınaq müşahidə edirik”.

Təyyarədaşıyanın bölgəyə çatması ilə Yaxın Şərqdəki təxminən 50 min nəfərlik ABŞ hərbi kontingentinə əlavə olaraq 5 min 700 hərbçinin qatıldığı ehtimal olunur.

"Wall Street Journal”ın məlumatına görə, ABŞ İranla bağlı regional hərbi əməliyyatların əsas mərkəzinə çevrilən İordaniyadakı Müvəffəq Salti Hava Bazasında F-15E döyüş təyyarələri yerləşdirib. Həmçinin İrandan gələ biləcək cavab zərbələrinə qarşı "Patriot" və THAAD hava hücumundan müdafiə sistemləri bölgəyə göndərilib.



"Associated Press”in məlumatına əsasən, CSG Bəhreyndə lövbər salmış üç ədəd Sahil Döyüş Gəmisi (LCS) ilə birlikdə hazırda Fars körfəzində xidmət göstərən iki ABŞ donanma esminesinə qoşulub.

Venesuela modeli İran üçün də tətbiq oluna bilərmi?

Bu hərbi imkanların hamısı yaxın vaxtlarda Venesuelanın devrilmiş lideri Nikolas Maduro rejiminə qarşı aparılan "Mütləq Qətiyyət” əməliyyatında birlikdə istifadə olunub. Əməliyyat çərçivəsində "E-18 Growler" təyyarələri radar və rabitə sistemlərini sıradan çıxarıb, F-35 və F/A-18-lər isə hava hücumundan müdafiə sistemlərini basqı altına alıb.

İranın hava hücumundan müdafiə infrastrukturunun da Venesuelada olduğu kimi əsasən Rusiya texnologiyalarına söykənməsi oxşar ssenarinin mümkünlüyü ilə bağlı şərhləri gücləndirir.



İran hava müdafiəsi yenidən qurulubmu?

Ən mühüm naməlum məqam İsraillə baş vermiş 12 günlük müharibədən sonra İranın hava hücumundan müdafiə sistemlərini hansı səviyyədə bərpa edə bilməsidir. Bu müddətdə İsrailin hava üstünlüyü əldə etdiyi, ABŞ-ın da vəziyyətdən istifadə edərək nüvə obyektlərini vurduğu xatırladılır.

Quru əməliyyatı gözlənilmir

ABŞ-ın İrana qarşı quru əməliyyatı ehtimalı real görünməsə də, Trampın təhdidlərini həyata keçirməsi halında daha genişmiqyaslı bombardmandan əvvəl İran hava müdafiəsini sınaqdan keçirən məhdud zərbələrin endirilə biləcəyi qiymətləndirilir.

Bununla belə, İran sahilləri yaxınlığında yerləşən "USS Frank E. Petersen Jr”, "USS Michael Murphy” və "USS Spruance” esminesləri "Tomahawk" tipli quru hədəflərinə qarşı raketlərlə uzun mənzilli əməliyyatlar üçün hazır vəziyyətdədir.

Aydın
--> -->