ABŞ Prezidenti Donald Trampın yaxın çevrəsində son illərdə Natali Harp qədər tez-tez onun yanında görünən az sayda şəxs var. Trampın ən uzun müddət xidmət edən və ən sadiq köməkçilərindən biri olan 35 yaşlı Harp prezidentin “Truth Social” hesabındakı paylaşımlarını yazmaq da daxil olmaqla bir sıra mühüm vəzifələri yerinə yetirir.
Qaynarinfo bu barədə BBC-yə istinadən xəbər verir.
O, bu həftə Corciya ştatından demokrat senator və Trampın tez-tez tənqidçilərindən biri olan Con Ossoffun çıxışında adının çəkilməsindən sonra yenidən diqqət mərkəzinə düşüb. Ossoff Trampın “Qətər əmirinin hədiyyə etdiyi, görünür müdafiəsiz uçan sarayda Natali ilə birlikdə səfər etməsini” tənqid edib.
Senator yeni “Air Force One” təyyarəsini, eləcə də Harpın ötən ay Türkiyədən çıxarkən Trampın və kiçik bir qrup şəxsin gizli şəkildə təyyarə dəyişməsi zamanı onunla birlikdə olduğu barədə məlumatları nəzərdə tutub.
Trampın bu köməkçisi bəzi şəxslər tərəfindən “qapıçı”, digərləri tərəfindən isə “rahatlıq mənbəyi” adlandırılır.

Ağ Evə gedən qeyri-adi yol
Kaliforniyada doğulan və mühafizəkar xristian ailəsində böyüyən Harp artıq qeyri-adi olan Ağ Ev administrasiyasına fərqli yolla daxil olub. O, həyatını Trampın xilas etdiyini bildirməsi ilə məşhurlaşıb.
Trampın ilk prezidentlik dövründə qəbul edilən “Right to Try” qanunu bəzi xəstələrə eksperimental müalicələrə daha geniş çıxış imkanı verib. Harp da sümük xərçəngi ilə mübarizəsində bu qanundan yararlanıb.
O, bu təcrübəsi barədə danışaraq Trampın Respublikaçılar Partiyasının “MAGA” (“Amerikanı yenidən möhtəşəm et”) qanadında sürətlə tanınıb və populyarlıq qazanıb. Daha sonra Trampın 2020-ci il seçki kampaniyasının məsləhət şurasına qoşulub.
“Mövcud kimyaterapiya müalicələri nəticə verməyəndə klinik sınaqlara məni qəbul etmək istəyən olmadı. Cənab prezident, onlar mənə eksperimental müalicələri sınamaq hüququ vermədilər. Siz verdiniz və siz olmasaydınız, həmin müalicələrin təsdiqlənməsini gözləyərkən ölərdim”, deyə Harp 2020-ci ildə Respublikaçılar Partiyasının qurultayında deyib.

Çıxışdan sonra Tramp onun haqqında “O, televiziya ekranını çox az insanın bacardığı şəkildə işıqlandırdı” deyib.
Tramp həmin seçkidə məğlub olduqdan sonra Harp mühafizəkar “One America News Network”də (OAN) aparıcı kimi çalışıb.
Burada o, Trampı qızğın müdafiə etməsi və 2020-ci il prezident seçkisində Trampın qalib gəldiyinə dair əsassız iddiaları təbliğ etməsi ilə tanınıb. Harp 2022-ci ildə kanaldan ayrılaraq Trampın növbəti prezidentlik kampaniyasına qoşulub.
Trampın Harp barədə fikirləri ilə bağlı məlumatların böyük hissəsi jurnalistlər Meqqi Haberman, Conatan Suan və Maykl Volfun kitablarında anonim mənbələrə əsaslanır. Onun şəxsi həyatı barədə isə ictimaiyyətə çox az məlumat məlumdur.
Harpın qardaşı Preston Harp çərşənbə axşamı CNN-ə müsahibəsində bildirib: “Tramp anamızın bizə hörmət etməyi öyrətdiyi hər şeyi təcəssüm etdirir. Düşünürəm ki, onun Trampa olan heyranlığının səbəbi də budur”.

Onun sözlərinə görə, Harp hələ uşaqlıqdan Ağ Evə böyük maraq göstərib və İraq müharibəsi zamanı Corc Buş da daxil olmaqla əvvəlki prezidentlərə məktublar yazıb.
Qardaşı bildirib ki, bacısının Ağ Evdə işləmək arzusu nəhayət gerçəkləşib və Harp Trampın “ən böyük fanatıdır”.
Harpın Ağ Evdəki rəsmi vəzifəsi prezidentin icraçı köməkçisidir. Bu vəzifə adətən daha aşağı pilləli vəzifə hesab olunur və logistika, cədvəllərin idarə edilməsi, kommunikasiya axını və digər vacib katiblik işlərini əhatə edir.
Lakin Harp bu vəzifəyə tamamilə yeni məna verib və onun nüfuzu Trampın ilk administrasiyasındakı analoji vəzifədə çalışan Madlen Vesterhaut kimi sələflərindən xeyli yüksəkdir.

Harp nə qədər nüfuzludur?
CNN müxbiri bu həftənin əvvəlində Trampdan Ossoffun açıqlamaları barədə soruşduqda Ağ Ev daha sonra rəsmi “X” hesabında sərt reaksiya verərək jurnalist Kristen Holmsu əməkdaşlardan birinə qarşı “ucuz hücum” etməkdə ittiham edib.
Harp Trampın ikinci prezidentlik müddətində demək olar ki, daim onun yanında görünür.
Ağ Evdə çalışan jurnalistlər onu tez-tez Oval kabinetdə Trampdan bir neçə addım aralıda dayanarkən və prezidentin ölkədaxili və beynəlxalq səfərləri zamanı “Air Force One”a minərkən görürlər.
“Onun həmişə orada olduğunu görürsünüz. Sözün əsl mənasında, həmişə”, deyə Ağ Evə yaxın mənbələrdən biri BBC-yə bildirib.
Ağ Ev əməkdaşları və jurnalistlər arasında Harp tez-tez “insan printer” adlandırılır. Buna səbəb onun Trampın üstünlük verdiyi məqalələrin və sosial media paylaşımlarının çap nüsxələrini təqdim etmək üçün portativ printer daşımasıdır.

Ağ Evdəki fəaliyyətlərlə tanış başqa bir mənbənin sözlərinə görə, bu vəziyyət Harpa Trampa hansı məlumatların və yeniliklərin çatdırılmasına qeyri-adi dərəcədə böyük təsir imkanları verir.
Digər anonim mənbələr onu ABŞ mediasına “qapıçı” və “rahatlıq mənbəyi” kimi təsvir ediblər.
Harp eyni zamanda Trampın sosial media katibi funksiyasını yerinə yetirir və onun adından “Truth Social” hesabında paylaşımlar edir.
Ossoffun açıqlamalarından sonra geniş yayılan fotolardan birində Harp 2024-cü ildə Kamala Harrisin çıxışını izləyən Trampın diktəsi ilə prezidentin öz yazı üslubunda paylaşım hazırlayarkən görüntülənib.
Harpın son günlərdə diqqət mərkəzinə düşməsi fonunda Ağ Ev onu “etibarlı və dəyərli” komanda üzvü kimi xarakterizə edib. Bununla belə, Tramp onun haqqında kamera qarşısında nadir hallarda danışır.

Ossoff Trampın tənqidçiləri arasında Harpın prezidentin Türkiyədən İran tərəfindən təhdid olduğu barədə məlumat aldığı iddia edilən vaxt ölkəni tərk etmək üçün mindiyi təyyarədə olduğunu qeyd edən çoxsaylı şəxslərdən biri olub.
Trampın prezidentlikləri barədə geniş yazılar hazırlayan jurnalist Habermandan “Tramp niyə Harpı gizli təyyarədə özü ilə apardı?” sualına cavab verməsi istənilib.
“Çünki o, müəyyən mənada onun ‘binky’sidir – bunu daha yaxşı ifadə etmək çətindir – yəni onun üçün bir rahatlıq mənbəyidir”, deyə Haberman bildirib.
Haberman və Suan 2024-cü ildə “New York Times” üçün hazırladıqları materialda Harpın Trampa məktublarından birində “Siz mənim üçün hər şeydən önəmlisiniz” yazdığını bildirmişdilər.
Aydın
Şərhlər