Çin bu həftə xarici texnologiya mütəxəssislərini ölkəyə cəlb etmək üçün yeni viza proqramına start verib.
Qaynarinfo "Reuters"ə istinadən xəbər verir ki, təşəbbüsün məqsədi ABŞ-la rəqabətdə mövqeləri gücləndirməkdir.
Mütəxəssislərin fikrincə, Pekinin belə bir addımı, əksinə, xarici mütəxəssislər üçün vizaların alınmasını çətinləşdirən Vaşinqtonun siyasəti ilə ziddiyyət təşkil edir.
Çində yerli mühəndislərin çatışmazlığı olmasa da, bu proqram ölkənin xarici sərmayə və istedadlar üçün açıq imicini gücləndirmək məqsədi daşıyır. Addım, ABŞ-ın tətbiq etdiyi yeni rüsumlar və ticarət gərginliyi fonunda xüsusilə diqqət çəkir. Son aylarda Pekin həmçinin Avropa ölkələrinin, Yaponiyanın və Cənubi Koreyanın vətəndaşları üçün vizaları ləğv edib və bir sıra iqtisadi sektorlara xarici sərmayədarların girişini genişləndirib.
İmmiqrasiya hüquqşünası Mett Mauntel-Mediçi bunu belə şərh edib: "Simvolizm açıqdır: ABŞ baryerləri artırdığı halda, Çin onları azaldır".
21 sentyabrdan etibarən ABŞ prezidenti Donald Trampın fərmanı qüvvəyə minib. Sənədə əsasən, H-1B tipli iş vizası üçün müraciət haqqı 100 min dollar müəyyən olunub.
Arayış: H-1B vizası ABŞ-da yüksək ixtisaslı xarici mütəxəssislərin işə qəbulu üçün nəzərdə tutulub. Bu viza İT, mühəndislik, maliyyə, tibb, elm və təhsil kimi sahələrə aiddir. Əcnəbi mütəxəssisi işə götürmək istəyən Amerika şirkəti ona ən azı orta sahə maaşı səviyyəsində əmək haqqı ödəməlidir.
Ekspertlərin hesablamalarına görə, Trampın qərarı ABŞ şirkətlərinə illik əlavə 1 milyard dollardan çox maliyyə yükü gətirə bilər.
Aydın
Şərhlər