Xəbər lenti

Trampın vəkili Rudi Culiani Nyu York lisenziyasını itirdi (SƏBƏB)
Dünya 13:52 03.07.2024

Trampın vəkili Rudi Culiani Nyu York lisenziyasını itirdi (SƏBƏB)

Nyu York şəhərinin keçmiş meri və Donald Trampın şəxsi vəkili Rudi Culiani 2020-ci il seçkiləri ilə bağlı yalan ifadələr verdiyi üçün Nyu Yorkda vəkillik fəaliyyətindən kənarlaşdırılıb. 

Qaynarinfo "The Washington Post"a istinadən xəbər verir ki, müvafiq qərarı iyulun 2-də ştatın Ali Məhkəməsinin Apellyasiya bölməsini Birinci Məhkəmə Departamenti qəbul edib.

Qərarda Culianinin 2020-ci il seçkiləri ilə bağlı "dəfələrlə və qəsdən yalan ifadələr verdiyi" müəyyən edilib. Bununla da, məhkəmənin fikrincə, o, vəkillik peşəsinin fundamental prinsiplərini qəsdən pozub və fəal şəkildə "milli nifrəti qızışdırıb”.

Məhkəmə çəkişməsi, Culianinin seçkidən sonrakı mətbuat konfransları və media çıxışları zamanı verdiyi bir sıra bəyanatlara əsaslanırdı.

"Cavabdehin qanun pozuntusunun ciddiliyini şişirtmək mümkün deyil" deyən apellyasiya məhkəməsi öz qərarında, həmçinin Culianinin "bu ölkənin seçki prosesinin bütövlüyünə qəsdən hücum etdiyini və pozduğunu" söyləyib.

Məhkəmə, Culianinin vəkillik fəaliyyəti ilə məşğul olmaqdan məhrum edilməsi, sonrakı qərara qədər dərhal qüvvəyə minməsi və adının Nyu York ştatının vəkillər və hüquq məsləhətçiləri siyahısından çıxarılması barədə qərar verib. 

Qərarı şərh edən Culiani sosial şəbəkələrdə onun lisenziyasından məhrum edilməsinə "təəccüblənmədiyini” yazıb. O, ona qarşı işin "yalançı arqumentlərlə dolu bir fəalın şikayətinə əsaslandığını" iddia edib. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->