Avropada həddindən artıq turizmin artması fonunda ən populyar ölkələr turistlər üçün yeni cərimələr tətbiq edir.
Qaynarinfo xəbər verir ki, Confused.com xidməti britaniyalılar arasında sorğu keçirərək onların xaricdə bilmədən qanunu pozub-pozmadığını araşdırıb. Məlum olub ki, respondentlərin demək olar ki, 1/4-i xaricdə bunun fərqində olmadan qanunu pozmuş ola biləcəyini düşünür. Daha 5 faiz isə bunu qəsdən etdiyini etiraf edib.
Sorğuda iştirak edən hər yeddi nəfərdən biri Avropada istirahət zamanı müxtəlif qayda pozuntularına görə cərimələndiyini, qaydaları pozanların 6 faizi isə hətta həbs edildiyini bildirib.
Respondentlərin sözlərinə görə, cərimələr ən çox Fransada (32%), İspaniyada (27%) və İtaliyada (27%) tətbiq edilib.
Xaricdə cərimələnən britaniyalı turistlərin ödədiyi məbləğin orta göstəricisi 160 funt sterlinq (təxminən 186 avro və ya 9637 qrivna) olub.
Cərimələrin ən geniş yayılmış səbəbi ətraf mühitin zibillənməsi və digər ekoloji qayda pozuntuları olub – belə hallar cərimələrin 32 faizini təşkil edib. Daha 27 faiz turist dini və ya mədəni məkanlarda uyğun olmayan geyimə görə cərimələnib. Respondentlərin 23 faizi isə fotoşəkil çəkməyin qadağan olduğu yerlərdə şəkil çəkərkən yaxalanıb.
Confused.com şirkətinin səyahət sığortası üzrə eksperti Tom Von turistlərə xəbərdarlıq edib ki, xaricdə davranış qaydaları onların öz ölkələrində qəbul edilən normalardan fərqlənə bilər.
"Britaniyanın minlərlə vətəndaşı hər il xaricdə həbs edildikdən və ya saxlanıldıqdan sonra konsulluq yardımına ehtiyac duyur. Buna çox vaxt bilmədikləri qanunların və ya mədəni qaydaların pozulması səbəb olur. Hətta fotoşəkil çəkmək, dini məkanda uyğun olmayan geyim geyinmək, lazımi sənədlər olmadan dərman aparmaq və ya icazə verilməyən yerdə spirtli içki qəbul etmək kimi sadə hərəkətlər belə bəzi ölkələrdə cəriməyə və ya daha ciddi nəticələrə səbəb ola bilər", deyə ekspert bildirib.
Məsələn, Mayorkada turistlər çimərlik geyimində və ya köynəksiz halda küçələrdə, mağazalarda və restoranlarda hərəkət etdiklərinə görə böyük cərimələrlə üzləşə bilərlər. Belə qayda pozuntusuna görə cərimə 500-750 avroya çata bilər.
Buna baxmayaraq, sorğuda iştirak edən britaniyalıların demək olar ki, hər beşindən biri səfərdən əvvəl getdiyi ölkənin yerli qanunlarını və adətlərini heç vaxt araşdırmadığını etiraf edib.
Aydın
Şərhlər