"Bəşər Əsəd rejimi həmin tələbləri yerinə yetirməsə, Türkiyə ilə Suriya arasında yaxınlaşma prosesi baş verməyəcək".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Türkiyə milli müdafiə naziri Yaşar Gülərin Ankaranın Suriyadan çıxması üçün açıqladığı şərtləri şərh edərkən deyib.
Politoloq bildirib ki, rəsmi Dəməşq Türkiyənin Suriya ərazisindən çıxmaqla bağlı səsləndirdiyi şərtləri qəbul etməli və buna getməlidir:
"Ölkədə xeyli sayda insan var ki, onların konstitusion hüquqları tapdalanır. Mövcud Konstitusiya isə avtoritarlığı təbliğ edir. Bir şəxsin hakimiyyətinin bərqərar edilməsinə yönəlik bir Konstitusiyadır. Bu fonda Suriyada demokratik dəyişikliklər istəyən insanlar heç də az deyil. Bu nöqteyi-nəzərdən Türkiyənin tələbləri tam haqlı tələblərdir. Ankara bundan əvvəl də anoloji tələblər irəli sürüb. Bəşər Əsəd rejimi həmin tələbləri yerinə yetirməsə, Türkiyə ilə Suriya arasında yaxınlaşma prosesi baş verməyəcək. Suriya indiki halda parçalanmış vəziyyətdədir. Demokratik Qüvvələr Hərəkatı ölkənin qərbində böyük bir əraziyə nəzarət edir. Onların Türkiyə ilə də isti əlaqələri var. Əsəd rejimi ölkəsinin gələcəyini düşünürsə, bu təkliflərə müsbət cavab verməlidir".
Qeyd edək ki, Türkiyə Suriya ərazisindən çıxmaq üçün şərtləri açıqlayıb. Bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər "Reuters"ə müsahibəsində deyib. Onun sözlərinə görə, bunun üçün yeni konstitusiya qəbul edilməli, seçkilər keçirilməlidir:
"Həmçinin sərhədlərin təhlükəsizliyi təmin olunmalıdır. Yalnız bundan sonra Türkiyə Suriya nazirləri arasında görüş keçirilə və Ankara bu ölkədən çıxa bilər".
Rüfət Sultan
Şərhlər