Xəbər lenti

Türkiyə Mərkəzi Asiya dövlətlərinə niyə maraq göstərir? (ŞƏRH)
Dünya 21:41 10.01.2024

Türkiyə Mərkəzi Asiya dövlətlərinə niyə maraq göstərir? (ŞƏRH)

"Türkiyə müasir tarixinin fərqli bir dövrünü yaşayır. Bu dövrdə onun türkdilli dövlətlər və ona yaxın Tacikistan kimi ölkələrə marağının artması Yaxın Şərq, Avropa, NATO ölkələrilə münasibətlərindən daha vacib bir hala gəlib çıxıb".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Türkiyə XİN sədrinin Mərkəzi Asiyaya səfərini şərh edərkən deyib.

Ekspert bildirib ki, Hakan Fidanın Mərkəzi Asiya ölkələrinə səfəri təbii haldır:

"Bu ölkələrdə təkcə Türkiyənin deyil, eyni zamanda, Rusiya, Çin kimi hegemon güclərin də marağı mövcuddur. Ona görə də XİN rəhbəri Hakan Fidanın qeyd olunan Mərkəzi Asiya ölkələrinə səfərini həmin regionda mövcud olan siyasi durumun daha çox Türkiyəyə meylli dövlətlərin mənafeyinə uyğunlaşdırılması prosesinin sürətləndirilməsi kimi qiymətləndirmək olar". 
 


Azər Qasımov qeyd edib ki, maraqlı dövlətlərin hər birinin regiona özünün xüsusi təsir, təzyiq mexanizmləri var:

"Bu təzyiqlərə tab gətirmək, Mərkəzi Asiya ölkələrinə dəstək vermək yolunda Türkiyənin roluna böyük ehtiyac var. Böyük ehtimalla, region ölkələrinin də qlobal güclərin təzyiqlərindən qorunmaq üçün özlərinə yaxın hesab etdiyi dövlət olaraq Türkiyəyə ehtiyacları var. Onlara dəstək  olmaq Türkiyənin həm də mənəvi borcudur. Ankaranın onların suverenliyi, bu suverenliyə təhlükə yaradacaq amillərin aradan qaldırılmasında həmin ölkələrlə iş birliyində olmaq kimi mənəvi borcu var. Bu baxımdan, Hakan Fidanın Qırğızıstan və Tacikistana səfəri təbiidir. Səfər həmçinin, Türk Dövlətləri Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı ölkələri daxilində yer alan digər ölkələrlə əməkdaşlıq, Çinlə əlaqələr məsələsində də xüsusi əhəmiyyət kəsb edir. Tacikistanla Qırğızıstan arasındakı sərhəd probleminin aradan qaldırılmasında da Türkiyənin rolu önə çıxa bilər. Çünki hər iki ölkə Türkiyəyə hörmət edir, ona inanır".

Qeyd edək ki, Türkiyə xarici işlər naziri Hakan Fidan Mərkəzi Asiya ölkələrində səfərdədir. O, Qırğızıstan səfərinin ardınca bu gün Tacikistana gedəcək. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->