Dünya 20:43 31.08.2022

Türkiyə MN dünyada bənzəri olmayan sualtı hovuzu işə saldı (FOTO/VİDEO)

Türkiyədə Milli Müdafiə Nazirliyi tərəfindən layihələşdirilən və tikintisi tamamlanan sualtı hovuz suya endirilib.

Hovuzun tikintisi Yalova şəhərinin Altınova rayonundakı gəmiqayırma zavodunda aparılıb.

Dünyada öz kateqoriyasında bənzəri olmayan və 3000 ton yükgötürmə qabiliyyətinə malik hovuz təntənəli mərasimlə su altına endirilib.

Sualtı hovuz Gölcük Gəmiqayırma Zavodu Komandanlığının sualtı tikinti, texniki xidmət və təmir infrastrukturunun və imkanlarının artırılması məqsədi ilə istehsal edilib. Gölcük Gəmiqayırma Zavodu milli sualtı qayıqların istehsalı, sualtı qayıqların texniki xidməti, təmir və modernizasiya fəaliyyətlərinin həyata keçirilməsi ilə məşğuldur.

Hovuz yanacaq doldurulmasına ehtiyac olmadan beş gün ərzində 28 hovuz işçisi və 14 sualtı gözətçi heyətini saxlama qabiliyyətinə malikdir. Hovuzun boş çəkisi dörd min ton, yükgötürmə qabiliyyəti isə üç min tondur. Uzunluğu 105 metr, eni 25,1 metr və hündürlüyü 19,95 metrdir.

Dörd ədəd dizel generatoru sayəsində limandan dəstək almadan istənilən yerdə sualtı qayıqların texniki xidmət və təmir işlərini həyata keçirə biləcək.

Hovuzun ən mühüm xüsusiyyəti onun özünəməxsus qapanma sisteminə malik olmasıdır.

Öz kateqoriyasında dünyanın ən təchizatlı və ən böyük sualtı hovuzu hesab olunur.

Damdakı örtük Avropa standartlarında izolyasiya imkanlarına malikdir. Hər hansı şəkildə istilik keçiriciliyi yoxdur. NATO standartlarına uyğun qurulub.
 
Hovuzun bir çox xüsusiyyətlərinə görə dünyada analoqunun olmadığı qeyd edilir.