Rusiya prezidenti Vladimir Putin Qərblə "böyük yeni saziş” bağlamağı planlaşdırır. İddialara görə, bu, qismən Ukraynaya da aid olacaq.
Qaynarinfo CNN-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidentinin müşaviri İbrahim Kalın
deyib.
"Biz düşünürük ki, Putin Qərblə yeni böyük sövdələşmə, yeni razılaşma əldə etmək istəyir. Bu, təbii ki, Ukraynaya da aiddir", deyə prezident köməkçisi bildirib.
Kalın qeyd edib ki, müqavilə iddialara görə qlobal xarakter daşıyacaq və Rusiya ilə Qərb arasında problemlərin həllinə yönələcək. Onun sözlərinə görə, saziş soyuq müharibənin sonunda bağlanmış müqavilələri əvəz etməlidir, çünki onlar artıq reallığa uyğun gəlmir.
Eyni zamanda, Türkiyə prezidentinin müşaviri hesab edir ki, Volodimir Zelenskinin Vladimir Putinlə danışıqlardan rəsmi imtinanı təsdiq etməsinə baxmayaraq, Ukrayna və Rusiya arasında danışıqlar gələcəkdə bərpa oluna bilər.
"Sual ondan ibarətdir ki, biz ona (danışıqlara-red.) nə vaxt qayıdacağıq və o vaxta qədər nə qədər ziyan vurulmuş olacaq?", deyə Kalın bildirib.
Xatırladaq ki, Putin Ukraynanın işğal olunmuş ərazilərinin ilhaqını elan etdikdən sonra Ukrayna prezidenti Volodimirr Zelenski Rusiya ilə danışıqlara son qoyub.
Nizami Bağırov