"Bu hadisə iki ölkə arasında müəyyən gərginlik yarada bilər. Amma Rusiya ilə Türkiyə arasındakı münasibətləri nəzərə alsaq, hansısa böyük bir gərginliyə səbəb olacağını düşünmürəm”.
Bunu Qaynarinfo-ya açıqlamasında QAFSAM sədrinin müavini Nazim Cəfərsoy deyib.
"Qara dənizdə taxıl razılaşmasının sona çatması fonunda Rusiya ərazidə müəyyən manevr imkanları əldə etmək istəyir. Həmçinin, belə kimi addımlar Rusiyanın Qara dənizdə qərarlı olduğunu nümayiş etdirmək niyyətinin tərkib hissəsidir. Bununla Moskva Qara dənizə nəzarət etdiyini, təhlükəsizliklə bağlı məsələlərdə təşəbbüs göstərəcəyini göstərir, deyə ekspert vurğulayıb.
Həmsöhbətimiz qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü gözlənilir:
"Bu mənada Rusiyanın Türkiyə gəmisini saxlayıb, yoxlaması görüş ərəfəsi sözügedən məsələ ətrafında Kremlin əlini gücləndirmək istəyidir. Qərbdə Qara dəniz və Türkiyəyə yönəlik çağırışlar var. ABŞ həmçinin, Rumıniya üzərindən Qara dənizdə fəallaşmaq istəyir”.
Ekspert hesab edir ki, rusların "Şükrü Okan” gəmisini saxlamaları xəbərdarlıq xarakteri də daşıya bilər:
"Yaranmış vəziyyətin münasibətlərdə gərgiblik yaradıb yaratmayacağı isə Moskvanın məsələni nə qədər dərinləşdirmək istəməsilə bağlı olacaq. Fikrimcə, Putin-Ərdoğan görüşü öncəsi problemi artırmaq hər iki ölkənin marağına uyğun deyil. Amma yenə də prosesin gedişi hadisələrin sonrakı mərhələsində tam bəlli olacaq”.
Qeyd edək ki, avqustun 13-də Rusiya hərbi gəmisi Qara dənizdə Türkiyəyə məxsus "Şükrü Okan” yük gəmisini dayandırmağa məcbur etmək üçün ona xəbərdarlıq atəşi açıb. Bundan sonra rus hərbçiləri gəmiyə enərək axtarış aparıblar. Buna səbəb gəminin Ukraynanın İzmail limanına üz tutması olub. Türkiyə yaranmış insidentlə bağlı olaraq Rusiyaya xəbərdarlıq edib. "Rusiyadakı həmkarlarımıza Qara dənizdə gərginliyi artıra biləcək bu cür cəhdlərdən çəkinmələri barədə xəbərdarlıq edilib", - məlumatda bildirilir.
Ukrayna Xarici İşlər Nazirliyi hadisəni şərh edərək, Rusiyanı beynəlxalq hüququ kobud şəkildə pozmaqda ittiham edib. Ukrayna diplomatları Türkiyə ilə həmrəy olduqlarını bildiriblər və beynəlxalq ictimaiyyəti Rusiyanın Qara dənizdə gəmilərin dinc keçidinə mane olan hərəkətlərinin qarşısını almaq üçün qətiyyətli tədbirlər görməyə çağırıblar.
Rüfət Sultan