Türkiyədə keçiriləcək prezident və parlament seçkilərinə bir aydan da az vaxt qalır. Prezidentlik uğrunda 4 nəfər mübarizə aparır. Hakim AKP-dən prezident Rəcəb Tayyib Ərdoğan, əsas müxalif təşkilat olaraq "Altılı masa”dan Kamal Kılıcdaroğlu, Məmləkət Partiyasından Məhərrəm İncə və "Ata İttifaqı”ndan Sinan Oğan prezident olmaq uğrunda yarışacaqlar.
Seçki prosesi ətrafında vəziyyət nə yerdədir?
Siyasi şərhçi Kənan Rövşənoğlu Qaynarinfo-ya açıqlamasında bildirib ki, hazırda kampaniyanın çox sürətlə getdiyini demək olmaz:
"Bu da daha çox Ramazan ayı ilə bağlıdır. Düşünürəm ki, partiyalar əsas gücü Ramazan ayından sonrakı dövrə saxlayıblar. Yəni, əsas kampaniya aprelin son 10 günü və mayda olacaq”.
Ekspertə görə, hazırda diqqətçəkən məqam dolların yenidən bahalaşmasıdır:
"Artıq qara bazarda dollar 20 lirəyə satılır. Bu isə seçkidən öncə hökumət üçün ciddi minusdur. AKP buna qarşı ölkənin istehsal və ixrac potensialının artması, xüsusilə də hərbi sənayedə uğurları qabartmaqla doldurmağa çalışır. Eyni zamanda siyasi istiqamətdə hakimiyyət gözlənildiyi kimi müxalifətin PKK ilə əlaqələri, onların FETÖ ilə bağları kimi ənənəvi mövzularla təbliğat aparır. Düşünürəm ki, seçkiqabağı yeni şüarlar da səsləndiriləcək”.
Rüfət Sultan