Dünya 12:46 29.12.2022

Türkiyə-Suriya təmasları başladı: Putin Ərdoğan və Əsədi barışdırmaq istəyir (ŞƏRH)

"Ankara regionun terror problemi ilə bağlı birgə hərəkət istiqamətində Moskva və Dəməşqi inandıra bilsə, 2023-cü ildə tək Türkiyənin deyil, eyni zamanda Suriya və Rusiyanın da kürd terrorçu ünsürlərə qarşı əməliyyatlarının şahidi ola bilərik”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Turan Rzayev Moskvada Rusiya, Türkiyə və Suriya müdafiə nazirləri arasında baş tutan üçtərəfli görüş şərh edərkən deyib. Politoloq bildirib ki, Türkiyə ilə Suriya arasında təmaslar siyasi formada olmasa da, hərbi və kəşfiyyat müstəvisində davam edir:

"Türkiyə ilə Suriya arasındakı münasibətlərin düzəlməsinin vaxtı çatıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan seçki ərəfəsi faktiki olaraq gərginlik yaşanan ölkələrlə münasibətləri normallaşdırmağa çalışır. BƏƏ, Səudiyyə Ərəbistanı, Misir, hətta İsraillə münasibətlər normallaşmağa qədəm qoyub. Bütün bu hadisələr fonunda Suriya ilə də münasibətlərin əvvəlki normal müstəviyə qayıdacağı gözləniləndir. Bu istiqamətdə müəyyən təmaslara da başlanılıb. Türkiyə xarici işlər naziri bir neçə ay bundan əvvəl verdiyi bəyanatda qeyd edirdi ki, hərbi sahədə iki ölkə arasında əməkdaşlıq və qarşılıqlı təmaslar qurulub. Bu mənada deyə bilərik ki, Türkiyə ilə Suriya arasında təmaslar siyasi formada olmasa da, hərbi və kəşfiyyat müstəvisində davam edir”. 



Ekspertin fikrincə, Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşmasını ən çox istəyən Moskvadır:

"Putin dəfələrlə tərəfləri bir araya gətirməyə çalışıb. Mümkündür ki, gələn ilin əvvəllərində Türkiyə rəsmilərinin Suriyaya səfəri də baş tutsun.  Bir sözlə, ilkin təmaslar formalaşa bilər. 2023-cü ildə Türkiyə və Suriya prezidentlərinin görüşü də mümkündür”. 

Politoloq qeyd edir ki, Rusiyada hərbi nazirlər arasında keçirilən bu görüş münasibətlərin normallaşması prosesində mühüm addımdır:

"Bilirsiniz ki, Türkiyə Suriyanın şimalında PKK, PYD, YPQ terrorçularına qarşı hərbi əməliyyatlara başlamaq istəyir. Türkiyə burada 30 km-lik təhlükəsizlik koridorunun yaradılmasını istəyir. Bu istək əslində, Suriyanın özü üçün də vacibdir. Üç ölkənin hərbi nazirləri arasında görüşün əsas mövzularından biri də heç şübhəsiz Türkiyənin Suriyanın şimalında aparmaq istədiyi quru əməliyyatları ilə bağlı olub. Hətta Türkiyə təklif edir ki, bu əməliyyatlar Suriya və Rusiyanın iştirakı ilə də başlasın. Görüşün əsas müzakirə mövzusu da mümkündür ki, bu istiqamətdə olub. Ankara regionun bu ortaq problemini birgə həll etməklə bağlı Moskva və Dəməşqi inandıra bilsə, 2023-cü ildə tək Türkiyənin deyil, eyni zamanda Suriya və Rusiyanın da kürd terrorçu ünsürlərə qarşı əməliyyatlarının şahidi ola bilərik. Bu əməliyyat baş verəcəyi təqdirdə, hətta tərəflər arasında üçtərəfli formatda siyasilərin də görüşü gündəmə gələ bilər”. 

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Moskvada Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqu, Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Suriyanın müdafiə naziri Əli Abdullah Əyyub arasında üçtərəfli görüşün olduğu barədə məlumat verib. Görüşdə regionda sabitlik üçün üçtərəfli dialoqun davam etdirilməsinin zəruriliyi müzakirə edilib. Nazirlər, həmçinin, Suriya böhranını və  bu ölkədə ekstremist qüvvələrlə mübarizə tədbirlərini müzakirə ediblər. 

Rüfət Sultan