Xəbər lenti

Türkiyə - üzü aşağıya doğru
Siyasət08:46 30.05.2016

Türkiyə - üzü aşağıya doğru

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Mahir Bayram

(ll hissə) 

Dağılmış Osmanlı imperiyasının küllükləri içərisində bərqərar olan Türkiyə Cümhuriyyətı dünyaya gəlişiylə çoxlarını qısqandırdı. 1923-1938-ci illərdə bu cavan Cümhuriyyət, Osmanlının 500 ildə edə bilmədiyini 15 ilə sığdıraraq öz misilsiz rəhbərinin - Atatürkün demokratik islahatları, biliyin və milli qürurun ağıllı tərzdə önərilməsi sayəsində ildırımsürətli inkişaf yolu keçdi. Anadolu türk dünyası ortaçağ geriliyindən çıxıb, tanınmaz oldu. Əhali daha asan savadlansın, dünyəvi elmlərə daha tez yiyələnsin deyə latın əlifbasına keçildi. Hər yerdə hamı üçün savad kursları açıldi. (Osmanlıdan qalma əhalinin ancaq yüzdə yeddisi hərf tanıyırdı. Onun da çoxusu qeyri millətlər idi. Az bir zamanda bu yüzdə iyirmi beşə yüksəldi. Qadınların isə Osmanlı dönəmində mində dördü ancaq öz adını yaza bilirdı). Cümhuriyyət qadınla kişiyə eyni hüquq gətirdi. Avropanın bir çox ölkələrindən də əvvəl, qadının seçib seçilmək hüququnu tanıdı. Hər yerdə məktəblər açıldı. Xurafatçıların, din tacirlərinin əhali üzərində basqısı azalsın deyə təkkələr,imamatiplər, molla yığıncaq mərkəzləri bağlandı. Əvəzində dünyəvi elmlərə əsaslanan, çağdaşlığı, milliliyi, bərabərliyi, beynəlmiləlçiliyi təbliğ edən məktəblər açıldı. Ortaçağ geyim forması da dəyişdirildi. “Yurdda barış, cahanda sülh!” -  ölkə siyasətinin əsas leytmotivinə çevrildi. Dünyanın ən nadir və mütərəqqi liderlərindən olan Atatürk böyük yüksəlişlər yoluyla birgə, həm də böyük streslər yolu keçdiyindən xəstəlik onu tez yaxaladı, həyatdan apardı. Bu işıqlı insandan məhrum olan Türkiyə, dünya siyasi qaranlığında (bataqlığında) özünə yollar aramağa başladı. O zamanlar daxili güc və milli dövlətçilik təməliylə formalaşmış bu imic, təəssüf ki, son vaxtların siyasi gündəmində imitasiya formatında, “biz də varıymışıq” qiyafəsində görüntülənir. Bu imitasiyanın saxlanması isə məqsədyönlü xarakter daşıyır. Çün ki, daxili auditoriyanı yuxuya vermək, kütləni ortaçağ bataqlığına yenidən aparıb çıxarmaq üçün hələlik belə lazımdır. (“Razı deyiləm yatmışları kimsə oyatsın.”- M.Ə.Sabir.) Hətta, Çin dərsliklərində belə adı hörmətlə çəkilərək, mübarizəsi və ideologiyası heyranlıqla öyrədilən M.K.Atatürk Türkiyənin bugünkü hökumət dairələrində həqarət və tənqid obyektinə çevrilmişdir. Adı dərsliklərdən və imtahan suallarından demək olar çıxarılıb. Çün ki, bu günkü hakimiyyətin arxasında duran havadarlar gözəl bilirlər ki, türkün Atatürkdən böyük dostu və yolgöstərəni olmamışdır. Onu da bilirlər ki, müqəddəslərin aşağılanması – milləti uçuruma aparmağın ən qısa yoludur. Beynəlxalq arenada da Türkiyə o hala gətirildi ki, İraqdakı türkmənləri nəin ki qoruya bilmədi, habelə, Mosulda əvvəllər razılıq əsasında yerləşdirilən türk ordu hissəsini, zəif İrak dövləti hətta təpinərək oradan çıxardı. (Ərdoğan isə həmin ərəfədə deyirdi;  “Oradakı ordu hissəsi razılıq əsasında yerləşdirilib. Onların oradan çıxarılması söz konusu olamaz.”) AKP-nin tövrünə illərdən bəri bələd olan İrak siyasiləri  gözəl bilirdi ki, oradakı Türkiyə ordusu türkmənləri qorumaq üçün yox, tamam başqa ( imperiya çıxarlarına müvafiq, İraqı bölməkdə M.Bərzaniyə və başqalarına yardım və s.) məqsədlərlə  saxlanılır. (M.Bərzaninin iki dəfə Türkiyəyə İrak mərkızi dövlətindən xəbərsiz  dəvət olunub, yüksək səviyyədə qarşılanması və Ərdoğanin həmin görüşdə ilk Türkiyə rəhbəri olaraq “Kürdüstan” ifadəsini işlətməsini yada salın.) Tanınmayan Bərzanı hökuməti peyda olandan, üstəgəl İŞİD-in də meydana atılmasından sonra oralardakı  türkmən toplumu onsuz da darmadiyar edilmişdi! Hələ İrak bir yana, Suriyadakı türklər də AKP hökuməti tərəfindən aldadılaraq Əsəd qüvvələrinə qarşı silahlandırıldı, imperializm xəttinə uyğun olaraq Suriyanı parçalamağın bir alətinə çevrildilər. Sonra da türk yetkililəri durub deyirlər ki, rus qırıcıları türkmən ərazilərini də bombalayır. Putin isə cavab verdi ki; “Biz bilmirik oradakı hansı millətdən olan döyüşçülərdi. Onu bilirik ki, orada Suriyanın qanuni dövlətinə qarşı vuruşan qüvvələr var.”  Bəli, oradakı türk elləri də  aldadılaraq darmadağın edildi. Hətta o günə salındılar ki, türkmənlərlə təqribən eyni sayda olan kürdlərin təşkilatları var, beynəlxalq miqyasda müdafiə olunurlar, amma türkmənlərin çoxusu hansı çöllərə dağılıb, öləni qalanı haradadır, heç bunu düzəməlli bilən yoxdur. Hansı ki, onlar ömür boyu gecə yatanda da Türkiyəni yuxularında görürdülər. Türkiyənin əvvəlki mövqeyi və imici onların tam arxayınlaşmalarına əsas vermişdi. On illər boyu nəzərlərində Türkiyə Cümhuriyyəti xilasedici bir mələk obrazında idi!  Etibar edib, arxa söykəyib, əvəzində xəyanət xəncəri yeməkdən faciəvi dünyada nə ola bilər! (“Türkiyənin Suriya siyasəti indi İraq və Suriya türkmənlərinin başında çatlayır!” Mehmet Şandır - vaxtilə Suriya Türkmən Məclisi başqanı.) Belə bir xəyanəti, elə Rusiya da gözləmədiyi halda Türkiyədən gördü. AKP-yə qədər uzun illər boyu Türkiyə -  Rusiya arasında qazanılmış  stabil qonşuluq və xətir- hörmət  abihavası, arxadan vurulan tərs bir sillə xəyanətiylə  yerlə yeksan oldu. Əslində bu olay, yəni İÇİD-i bombalayan rus qırıcısı SU-24 hədəflənib vurulan ərazi, vaxtilə siyasi xəritələrin təsdiqində xüsusi canfəşanlıq  göstərən ingilis və fransızlar  tərəfindən təsir göstərilərək elə formalaşdırılıb ki, bu yerdə Türkiyə sərhədi nazik zolaq şəklində Suriyanın Cəlabrus bölgəsinin içərisinə girir. (Əsl intriqa zolağı!) Təyyarə isə dönüb geri qayıdanda, aydın məsələdir ki, avtomobil kimi sərhəd qırağından kəskin dönüşlə geri qayıda bilməz,  müəyyən troyektoriya üzrə dairə vurub dönməlidir. Bu dönmə ərazisi isə  Türkiyə sərhədinin həmin çıxıntısına düşür. Buradan 17 saniyəyə fırlanıb qayıdan rus uçağı Suriya ərazisinə çathaçatda vurulmuşdu. Katapult edərək paraşütlə yerə düşməkdə olan 2 rus pilotunun havada gülləbaran edilməsində də Suriyadakı akpçi canfəşanların (Alparslan Çelik və b.) xüsusi “qəhrəmanlığı” oldu. Və bu “misilsiz qəhrəmanı”, göydən yerə düşən əsiri gülləyə tutanı, Türk telekanalları dönə-dönə fəxrlə göstərmişdilər. Rusiyanın onu tutma tələbini isə yaxşıca fırlada bildilər. (Sonra da deyirlər ki, rus uçaqları türkmənlərə bomba atır.) İndi həmin ərazidən İŞİD silahlıları Türkiyənin Kilis şəhərinə rahatca raket atır. Kilis əhalisinin çoxu qaçqın düşüb. Məktəblər beş aydır ki, qeyri-rəsmi olaraq bağlıdır. Raket atəşindən 20-dən çox adam ölüb. Hökumət isə bütün bunları görməzdən gəlir. Həm də ona görə ki,  elədiyi pisliyə görə, Rusiya radar sısteminin qorxusundan Suriya tərəfə hərbi təyyarə qaldıra bilmir. Nə də üzü yoxdur Rusiyadan xahiş etsin ki, oradakı İÇİD-i bombayasın. Rusiyaya qarşı həmin yöndəmsiz hərəkətdən sonra Türkiyə əhalisinə və maliyyə bazarına dəyən zərər hələlik qırx miyard dollar civarındadır. (Bu olayla bağlı bizim Dağlıq Qarabağ  məsələmizin çözülməsinə bir düyün də vuruldu.) Həm də SU-24 uçağının vurulmasından 2 gün sonra ABŞ dövlət katibi C.Kerri  danışıqlar üçün Moskvaya uçdu. (Görünür, Türkiyənin “torbasını” hərtərəfli tikmək planında hansısa əməkdaşlıq və qarşılıqlı bölüşdürmələr lazımdır. “Dovşana qaç, tazıya tut” məsəli. Bütün siyası gedişatların sonucu onu göstərir ki, uçaq krizisindən sonra Türkiyəyə qarşı ABŞ və Rusiya artıq yaxın mövqedən çıxış edirlər. Biri altdan-altdan, o biri üzdən-üzdən.) 

 Türkiyədə Cümhuriyyət mövcudluğunun laxladılması üçün xeyli iş görülsə də, proses hələ başa çatmayıb. Əhalini və siyasi məsələlərlə maraqlanan çoxlarını çaşdıran əsaslardan birincisi bu oldu ki, (bir daha təkrar edirik) ölkədə AKP dönəmində xeyli zahiri quruculuq işləri aparıldı. Binalar, körpülər, yeni yollar, əhaliyə verilən kreditlər.., bir sözlə hər yerdə parıltı, gürultu və s. Elə təkcə ölkə üzrə 25 aeroport  varıydısa, indi bunların sayı 54-dür. (Adama deyərlər ki, daha nə istəyirsən? Bu inkişaf deyil, bəs nədir? Bundan yaxşı nə olsun?.. Belə yerdə mən də bir sadə həyat nümunəsini yada salmaq, sual-cavab etmək istəyirəm; Quzunu tutub kəsmək, öldürmək üçün neyləyirlər? Ona bir çəngə yaşıl ot uzadırlar, dadızdırırlar, deyilmi? Balığı tutmaq üçün neyləyirlər? Ona qarmaqda ləzzətli yem göndərirlər, deyilmi? Yenə təkrar etməyə məcburuq, Türkiyədə son dönəmdə inkişaf adına yaradılan bütün bu zahiri parıltı və gurultular xarici borclar hesabınadır, mənbə Türkiyənin potensiyalları xaricindən gəlir. Və bu borcu səxavətlə, hətta şirin dillə verənlər türklərdən heç də axmaq deyillər. İşin sonucunu hamıdan yaxşı bilirlər.( Boston korporasiyasında işləmiş, keçmiş xəfiyyə işçisi Corc Perkins adlı şəxs təqaüdə çıxandan sonra imperializmin dünya ölkələri daxilində belə bir fəaliyyətinə aid kitab yazıb: “İqtisadi ölümlərin mənşəyi”.) Amma, çoxlu-çoxlu mənim kimi sadölövhlər bunun fərqinə heç cür vara bilmirlər. Və onu da unutmayaq ki, ölkələrdə belə niyyətlərin həyata keçirilməsində sadəlövhlərdən əvvəl, ancaq öz şəxsi maraqlarını güdənlərdən və xainlərdən istifadə olunur. Sadəlövhlərin isə sadəcə gözləri qamaşdırılır, “pəh-pəh” dedirdilərək uyudulur. (“Uyuyan millətlər ya ölür, ya da kölə olaraq oyanırlar.” – M.K.Atatürk)  

1 noyabr 2015-ci il parlament seckilərindən sonra formalaşmış TBMM-nin ilk işlərindən biri bilirsizmı nə oldu?  -Sultan Əbdülməcidin xəttatlıq qabiliyyətini reklam edən iri divar təqvimlərinin nəşri və təbliğ edilməsi. Bu xirda fakt kimi görünsə də, əslində “böyük hadisədir”.  Çünki AKP çoxluqlu parlamentin gələcək niyyətinin nə olacağı bu addımından çox aydın bəlirlənir. Yeni tərkibli TBMM konstitusiyanı (anayasanı)  kökündən dəyişdirmək, onun məzmunundan “türk” kəlməsini çıxarmaq, daha konkret desək, oradakı qanun-qaydaları yerli-dibli qazıyıb atmaq, ölkəyə yeni başqanlıq sistemi (yəni köhnə padşahlıq, sultanlıq) gətirmək üçün səfərbər olunub. Həmişə bu mövqedən çıxış edən TBMM sədri İsmayıl Qəhrəman 25 aprel çıxışında tələsərək AKP-nin iç üzünü tam açdı; “Anayasadan layiqlik qaldırılmalı, dini yönümlü bir anayasa yazılmalıdır.”  (Əslində elə PKK-da layiqliyə qarşıdır.) TBMM sədrinin bu çıxışı ölkə gənclərini və əsl ziyalıları ayağa qaldırıb. Məclisin sonrakı  yığıncaqlarında CHP-li millət vəkili TBMM sədrinə ünvanladığı  “Siz layiq Türkiyə Cümhuriyyətinin tərəfdarısınız, yoxsa, yox?” sualını dəfələrlə təkrar etsə də, cavab ala bilmədi. (“Layiqlik - İŞİD qafalı olmamağın gərəyidir” – CHP İstanbul millət vəkili Dursun Çiçək.)

Bir haşiyə: 1967-ci ildə Türkiyədə ömrü boyu dünyəviliyi (layiqliyi) və Atatükçülüyü cani-dildən təbliğ edən hüquqşunas bir məmur vəfat edir. Onun cənazə törəni və cənazə namazı, o vaxt Türkiyədə yeni peyda olmuş “Milli Türk tələbə birliyi”  təşkilatı tərəfindən əngəllənir və mərhuma həqarətlər edilir. Əlacsızlıqdan, axırda cənazə namazını bir tələbə qılası olur. Bundan iki il sonra, 1969-cu ildə Amerika əleyhinə təşkil edilmiş bir mitinqə həmin “Milli Türk tələbə birliyi” tərəfindən basqın edilir və iki gənc nümayişçi bıçaqlanaraq öldürülür. (Həmin gün “Qanlı bazar” adıyla Türkiyə tarixinə düşüb.) Sonralar da “Milli Türk tələbə birliyi” hansısa qanqaraldıcı  fəaliyyətlərdə bulundu və hansısa gizli dayaqlar tərəfindən müdafiə edildi. Həmin birliyin sədri bilirsizmi kim idi?  Bu günkü TBMM sədri İsmayıl Qəhrəman. ( İmperializm, əlbəttə, kimləri hara təyin etməyin, müdafiə etməyin, məqamı çatanda daha da qabağa çəkməyin qaydalarına ciddi əməl edir. Bir şeyi də yada salaq ki, (ötən yazıda qeyd etdiyimiz kimi) imperializm siyasi işləri yaxşı bildiyindən hər şeyin adını tərsinə qoyur. Bu mənada 70-ci illərin bir sıra türk ziyalıları deyirdi ki, bu birliyin adı “Milli Türk tələbə birliyi” yox, “Dinçi və xaricə işləyən tələbə birliyi” olmalıdır.) 

Ötən ilin 7 iyununda keçirilən parlament seçkiləri 1 noyabr seçkilərinə nisbətən daha  demokratik idi. Buna görə də AKP 7 iyun seçkilərindən narazı qalaraq CHP-ni 45 gün “fırlatdı”. Hökuməti qurmağa heç kimi yaxın buraxmadı. MHP rəhbəri D. Baxçalı isə həmişə olduğu kimi əhdinə sadiq qalaraq, dolayı yolla AKP-nin dəyirmanına su tökdü. Nə illah elədilərsə, nə CHP, nə də heç kimlə koalisyon hökumət qurmaq istəmədi. Buna görə də AKP-nin xeyrinə erkən seçimə - 1 noyabra qərar verildi. O vaxt HDP ilə  bir məclisdə oturmaq istəmədiyini israrla bildirən, bütün təkliflərə kəskin şəkildə “yox” deyən, türkçülük haqqında həmişə ağızdolusu danışan D. Baxçalı  2-ci seçkidən sonra öz millət vəkillərini HDP-lilərlə  “türk” ifadəsini anayasadan silmək istəyən bir komissiyada oturdub, anayasa dəyişiklikləri üçün canfəşanlıq göstərdi. (Hələ vaxtilə A.Öcalan da tələb qoyurdu ki;  “Türk milləti” sözü anayasadan çıxarılsın.) 7 iyun seçkisindən sonra “CHP ilə niyə birlikdə hərəkət etmirsiniz?” – sualına D.Baxçalının o vaxtkı müavini  prof. dr. Yusif Halacoğlu sualla da cavab vermişdi: “- Deyirsiz, biz indi dinsizlərlə birləşək?” Halbu ki, din təbliğində MHP AKP-dən geri qalmaz, CHP-də MHP-dən. Dinçilik təbliğində (başqa sözlə din ticarətində, dini siyasətə alət etməkdə) hər üç partiyanın bir-biriylə yarışa girdiyi göz qabağındadır. İngilislərin böyük siyasətçisi U. Çörçil Çanakqala məğlubiyyətindən sonra demişdi; “Türkləri əsgərlə yenə bilməzsiniz. Onların dinçi adamlarını ələ alın, onlar öz dövlətlərini yıxacaqlar.” (“Bu hökumət din, namaz, imandan danışırsa, demək içəridə hırsızlıq, yolsuzluq var, demokratiya deyirsə, demək başımız bəlaya doğru gedir” – CHP millət vəkili Məhərrəm İncə.)

Aprel ayında İstanbulda İslam Əməkdaşlıq Təşkilatının 13-cü zirvə toplantısı keçirildi. (Bu təşkilatın hansı önəmli işlər üçün yaradıldığı barədə ötən yazıda qısa şərh vermişdik.) 56 ölkəni özündə birləşdirən bu təşkilat hansı müsəlman ölkəsinin hansısa problemini həll etmək istəmişsə, həmin problem daha da düyünə düşüb. Bu dəfəki yığıncaq da bir neçə şərqsayağı özəlliyi ilə yadda qaldı; 1) Səudiyyə Ərəbistanı kralı üçün böyük 5 ulduzlu “Marriott” kurort kompleksi kirayılənərək tam onun sərəncamına verildi. 2) Səudiyyə kralının karteji üçün əlavə olaraq 500 ədəd lüks Mersedes markalı maşınlar kirayələndi. 3) Başqa dövlət rəhbərləri təyyarədən pilləkənlə düşdükləri halda, Səudiyyə kralı lüks eskolatorla aşağı endi. 4) Başqa dövlət rəhbərlərindən fərqli olaraq Səudiyyə kralını təyyarədən enərkən R.T.Ərdoğan özü şəxsən qarşıladı. (Görünür, bu iltifatda krallığın R.T.Ərdoğanın oğlunun firmasına 95 millyon dollar köçürməyinin də xüsusi yeri var.) Bu toplantı zamanı hörmətli islam alimləri R.T.Ərdoğanı və Səudiyyə kralını çox böyük bəlağətlə, əsl sultanlara aid ola biləcək ibarələrlə təriflədilər. 5) R.T.Ərdoğan barmaq silkələyərək bildirdi ki, bu təşkilata ancaq 20 ölkə üzvlük haqqını ödəyir. Ödəməyənlər bu məsələyə əncam çəksinlər. 6) Üzv ölkələr arasında ümumi islam polisi yaratmaq təklifi irəli sürüldü. (Görünür, düz söz danışıb sonra aradan çıxmaq istəyən vətəndaşları daha asan tutmaq üçün bu plan önəmli sayılıb.)  7) Ümumi islam ordusu (əslində sünnü ordusu) yaradılmasının vacibliyi barədə səslər eşidildi. (Türkiyə Qətərə hərbi dəstə göndərib. Somaliyə göndərmək istəyir. Səudiyyə krallığının qoşunlarıyla birgə təlimlər keçirəcəyı barədə razılıqlar var.)   8) Bir sıra dövlət nümayəndələri konfransın dünya miqyaslı çox  “ciddi” məsələləri həll edəcəyini görüb,  hövsələsizlik göstərib konfransın sonunadək oturmadılar... Xülasə, bütün bunlar ortada necə bir birliyin olmasının  göstərgəsi kimi yadda qaldı. Eyni zamanda, “Yurdda barış, cahanda sülh! Türkiyə Cümhuriyyəti dünyəvi bir dövlətdir.” -  Atatürk ideologiyası ilə yaradilmış və yaşamış Türkiyənin  bu gün artıq hansı yöntəmə meyllənməsinin (heç biri müstəqil olmayan ərəb ölkələriylə iş birliyinin) pərdə arxası bir daha görsəndi.  

Orta təhsil məktəbləri ilbəil dünyəvilikdən yayındırılaraq imamatip okullarına – dini tədris məktəblərinə çevrilir. Hətta, bir sıra səviyyələrdə qızlar və oğlanların ayrı-ayrı məktəblərdə təhsil almaları səsləndirilir. 4 yaşından başlayaraq qız uşaqlarının hicaba keçmələri tövsiyə olunur. Həmin 4 yaşlı hicablı qız uşaqlarına Quran dərsləri keçilir, onlara mətnlər əzbərlədilir. Kəndlərdən kasıb ailələrdən olan oğlan uşaqları vilayət mərkəzlərinə daşınaraq dini (internat tipli) məktəblərə cəlb edilir. Uşaqlarına geyim, yemək və s. ala bilməyən, lazımınca qayğı göstərə bilməyən kasıb valideynlər də buna razı olmaqdan başqa çarə görmürlər. ( Son müşahidələrə görə AKP-yə səs verənlərin 93%-i təhsil baxımından kasad adamlardır.) Bu məsələyə aid bir haşiyəyə çıxaq ki, bu ilin 4 martından başlayaraq Türkiyə mediasında belə bir xəbər yayıldı ki, Karamanda oğlanlar üçün dini məktəbdə bir müəllim 45-dən çox şagirdə cinsi təcavüz etmişdir. Bu xəbər yayılan kimi, iki-üç günün içində həmin müəllim mühakimə olunub, həbsə göndərildi. Halbu ki, Türkiyə tarixində belə ildırımsürətli mühakimə prosesi olmamışdı. Görünür, biabırçılığı ictimaiyyətın gözündən yayındırmaq üçün belə münasib bilindi. Bu barədə suallara isə Ailə və sosial problemlər nazirı, başını hicabla möhkəm-möhkəm, səliqəli bağlamağıyla daha çox yadda qalan Səma Ramazanoğlu belə cavablandırmışdı; “- Bir imamatip okulunda olan bu bir hadisə ümumilikdə imamatip okullarının dəyərinə xələl gətirə bilməz.” (Şərhə, yaxud ətraflı mühakimə yürütməyə ehtiyac varmı? Mən bilmirəm!) Amma, bu tipli internat məktəblərində belə faktların olmasına aid şübhələr ortaya çıxmaqdadır. (Bitlisdə, Bursada, Ənsar vakfı və s.-də. Vaxtilə Avropanın bir sıra kilsə təmayüllü məktəblərində olduğu kimi, bu keyfiyyət həm də Osmanlıçılıq zehniyyətinə və zamanına məxsusdur.)

7 iyun seçkilərində nisbətən uduzan AKP itirdiyi səs çoxluğunu yenidən qazanmaqçün, axırıncı real varianta əl atdı – PKK-nin üzərinə yeridi. Əslində, PKK-nın dağlardan şəhərlərə enməsinə, on min tonlarla silah-sürsatın yaşayış məntəqələrinin lap köbəyində PKK-açılara daşınmasına, hərbçilərin keçdiyi yollarınin altına, şəhər, qəsəbə və kəndlərin ortasında xəndəklər qazıb partlayıcı döşədilməsinə görəsən kim şərait yaratmışdı? ( Normal dövlətin ərazisində belə şeylər mümkün olarmı?! Hansı ki,AKP hakimiyyətə gələn ərəfələrdə PKK ölüm ayağında idi. Əvvəlki Başbakan, ayaq üstə güclə gəzən qoca Bülent Ecevit zamanında PKK heç dağların ən gizli mağaralarında da çınqırını çəkə bilmirdi. Halbu ki, Ecevitin nəsil-kökündə kürdə yaxınlıq ola-ola. Çün ki, o vaxtadək Türkiyədə milli dövlət və  qanunlara ciddi sayğıyla yanaşan hökumət vardı.)

Maraqlıdır ki, dərindən araşdıranda AKP, MHP, CHP, HDP və PKK arasında  gizli (bəzən də aşkar) məqsəd birliyi tapmaq olur. Faktlar çox olsa da məsələn, 2013-cü ilin 21 martında (bayram günü) PKK lideri A.Öcalanın kürd əhali arasında “Novruz məktubu” adlı kitabı paylanmışdı. Həmin kitabın əsas ideyası bu idi; “Artıq qarşıda yeni Türkiyə qurulur! Anayasanın yenidən yazılması, sonra da fedarasiya məsələsi tələbinin ortaya qoyulması bizim məqsəd və məramlarımızla uzlaşdırılacaq. Bu işdə hamılıqla  fəal iştirakçı olmalıyıq!” Əslində AKP (əvvəllər çox dolayı yollarla gedişatlar etsə də) bu gün Türkiyəni kökündən dəyişdirmək, Cümhuriyyəti yıxıb yerində sultanlıq qurmaq istəyini qətiyyən gizlətmək istəmir.  MHP-nin də AKP-yə üzdə “söyüb”, əl altdan arxa durduğu dəlil və faktlarla məlumdur. CHP həmişə aldadıcı, qeyri-ciddi addımlarıyla zəifləməyə doğru getməklə AKP-nin meydanını genişləndirir. (1 iyun seçkisində AKP ilə birgə CHP də seçki faizi itirdı. Dünya tarixində yəqin belə hadisə olmayıb ki, iqtidar partiyası ilə birgə ana müxalifət partiyası da səs faizində uduzsun. Normalda bunun biri aşağı düşəndə o biri (tərəzinin gözü kimi) yuxarı qalxmalıdır. Bu da ondan irəli gəldi ki, CHP özüylə birgə HDP-yə də ciddi havadarlıq edib, onun səs çoxluğu qazanmasını istəyirdi. Görünür, daydaylar belə tapşırmışdılar.) HDP-nin isə PKK-nın qastuklu, “ziyalı” bir çıxıntısı olduğunu bilməyən yoxdur. (HDP – oxunmalıdır; “Xalqlara, türkə Düşmənçilik Partiyası”) PKK-nın da hamı dabbaxda gönünə bələddir... Bu mənzərəni göz önünə gətirəndə Türkiyə Cümhuriyyətini qarşıda necə bir burulğan gözlədiyini təsəvvür etmək çətin deyil. Üstəgəl, AKP iqtidarı Cümhuriyyət təməllərini hər addımda daha amansızlıqla aşağıya doğru dartmaqda və Atatürk düşmənçiliyinə davam etməkdədir. Bütün bunlardan bu nəticəyə gəlmək olur ki, AKP, HDP, PKK (eləcədə F.Gülən hərəkatı və bu yönlü təşkilatlanmalar) bir partiya kimi deyil, Türkiyə Cümhuriyyətini kökündən laxlatmaq üçün missiya olaraq yaradılmışlar. Əsas müxalifət sayılan CHP və MHP-də onlara yandaş halına gətirilmişdir. Bu isə, böyük təəssüflə deyək ki, Türkiyə Cümhuriyyətinin (Allah qorusun) xərçəng xəstəliyinə tutulması deməkdir! Amma, Türk ruhunu bir neçə ideoloji və maddi həmləylə öldürmək mümkünmüdür?! Təəssüf ki, Türkiyə dövləti və hökumətinin bütün qanun - qaydaları günbəgün daha həvəslə ayaqlar altına atması, hüquq sistemindəki müstəqillyi aradan qaldırması, dünya siyasi arenasında isə onun imitativ parıltı, gürultusunun saxlanılması, günbəgün qeyri-ciddi dövlət halına gətirilməsi daha çox narahatçılığa əsas verir. Konfutsi isə demişdir; “Dövlət xəzinəsinin əsası - ədalətdir.”                                                      

Qaynarinfo.az

P.S  Yazının birinci hissəsini bu link vasitəsi ilə oxuya bilərsiniz. Ardı var