Ankarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Şahbaz Şərifin nümayəndə heyətlərinin ikitərəfli görüşləri başa çatıb. İki ölkənin nümayəndə heyətləri Ərdoğan və Şərifin Beştəpə kompleksində iştirak etdiyi mərasimdə əməkdaşlıq haqqında sazişlər imzalayıblar.
Qaynarinfo bu barədə Anadolu agentliyinə istinadən
xəbər verir.
Bununla əlaqədar Türkiyənin Ətraf mühit, şəhər inkişafı və iqlim dəyişikliyi Nazirliyi və "Nayay" Pakistan mənzil tikintisi Təşkilatı tikinti sahəsində Anlaşma Memorandumu imzalayıblar.
Türkiyənin Maliyyə və Xəzinədarlıq Nazirliyi və Pakistanın İqtisadiyyat Nazirliyi arasında texniki əməkdaşlıq haqqında protokol imzalanıb. Türkiyənin Maliyyə və Xəzinədarlıq Nazirliyi də Pakistanın İqtisadiyyat Nazirliyi ilə borc idarəçiliyinə dair əməkdaşlıq Protokolu imzalayıblar.
İki ölkə, həmçinin informasiya mübadiləsi haqqında Saziş və ikitərəfli ticari-iqtisadi münasibətlərin inkişafına dair Anlaşma Memorandumu imzalayıblar.
Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi Pakistan Rabitə Nazirliyi ilə avtomobil yollarının tikintisi sahəsində qarşılıqlı anlaşma memorandumu da imzalayıb.
Türkiyə Prezidenti yanında Strateji məsələlər və Büdcə İdarəsi və Pakistan dövlət-özəl tərəfdaşlıq İnstitutu da anlaşma memorandumuna imza atıblar.
M.Arif