Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş nazir Əhməd Davudoğlunu qəbul edib. Qaynar.info xəbər verir ki, prezident sarayında baş tutan görüş mətbuata qapalı keçirilib və 1 saat 25 dəqiqə davam edib.
Görüşdən sonra rəsmi məlumat yayılıb: "Əhməd Davudoğlu prezidentə bütün səylərinə rəğmən etibarlı hökumət qurma imkanını tapmadığını bəyan edərək vəzifəsini Ərdoğana təhvil verib. Prezident Davudoğluna gördüyü işlərə görə təşəkkür edib".
Prezident Rəcəb Tayyib Ərdoğan yeni hökuməti qurmağı iyunun 9-da keçirilən parlament seçkilərindəndən sonra Əhməd davudoğluna tapşırmışdı. Davudoğlu hökuməti qurmaq üçün Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) liderləri ilə görüşlər keçirsə də bu, heç bir nəticə verməyib.
Dünən MHP lideri Dövlət Bahçeli ilə görüşdən sonra açıqlama verən Davudoğlu bəyan edib ki, ölkəni hökumətsiz buraxmamaq üçün əlindən gələni edib. Ancaq koalisiya hökumətinin qurulması üçün heç bir nəticə əldə olunmayıb.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Cümhuriyyət Xalq Partiyasının (CHP) koalisiya hökumətinin yaradılması ilə bağlı uğursuz cəhdindən sonra Dövlər Bahçeli bildirmişdi ki, AKP milliyətçi hərəkatın şərtlərini qəbul etsə, koalisiya hökumətinin formalaşdırılmasına razılığını verə bilər.
MHP-nin koalisiya təklifi qarşısında 3 şərt irəli sürüb: “Bu şərtlərdən birincisi PKK terror təşkilatı ilə razılaşdırılan “sülh prosesi” adlı atəşkəsin ləğv olunmasıdır. Digəri 17-25 dekabr korrupsiya prosesinin araşdırılması, 3-cü şərt isə prezident Rəcəb Tayyib Ərdoğanın Ağ saraydan Çankaya köşkünə qayıtmasıdır".
Xatırladaq ki, iyunun 7-də Türkiyədə parlament seçkisi keçirilib. Parlamentə girməyə müvəffəq olan 4 siyasi partiyanın heç biri tək başına hökumət quracaq qədər millət vəkili əldə etməyib. 550 yerli Türkiyə Böyük Millət Məclisinə AKP 258, CHP 132, MHP və HDP hər biri 80 millət vəkili ilə daxil olub. Təkbaşına hökumət qurmaq üçün bir partiyanın 276 millət vəkilinə ehtiyacı olduğundan hazırda ölkədə koalisiya hökuməti qurulması barədə qızğın müzakirələr gedir.//anspress
Qaynar.info