"Bu rəqəm Azərbaycan üçün elə də ürəkaçan deyil”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli hazırda Türkiyənin ali təhsil müəssisələrində 35 minə yaxın azərbaycanlı tələbənin təhsil almasından danışarkən deyir. Onun sözlərinə görə, hər il Azərbaycandan çoxlu gənc ölkədən kənara təhsil almağa üz tutur:
"Onların Azərbaycanda təhsil almaq imkanları var və üz tutduqları ölkədə atestatlarını təqdim etməklə tədrislərinə başlayırlar. Azərbaycan Dövlət İmtahan Mərkəzi şərtləri o qədər çətinləşdirib ki, artıq əvvəlki illərlə müqayisədə yüksək bal göstəriciləri də çox aşağı düşüb”.
Məzahir Məmmədli eyni zamanda xeyli sayda türk vətəndaşlarının Azərbaycanda təhsil aldığını qeyd edib:
"Biz bunu apardığımız monitorinqlər zamanı müşahidə etmişik. Onlar əsasən təhsil alarkən Azərbaycanda inşaat fakültəsini seçirlər. Bildirlər ki, burada inşaat təhsili daha yaxşı tədris olunur”.
Ekspert dövlət xətti ilə xaricə təhsil arxasınca gedən tələbələrin bir öhdəliyinin olduğunu vurğulayıb:
"Onlar təhsilini başa vurandan sonra ölkəyə qayıdıb bir neçə il işləməlidir. Ondan sonra hara istəyirlər, gedə bilərlər. Amma öz hesablarına xaricə gedən tələbələrin heç bir öhdəliyi yoxdur. Yaxşı mütəxəsis kimi yetişirlər, amma ölkəyə fayda verə bilmirlər. Orada həm əmək haqqı yüksəkdir, həm də bilik və bacarıqların artırmaq üçün geniş imkanlar var”.
Qeyd edək ki, Türkiyənin təhsil naziri, professor Yusuf Təkin müsahibəsində bildirib ki, hazırda Türkiyənin ali təhsil müəssisələrində 35 minə yaxın azərbaycanlı tələbə təhsil alır.
Bahar Rüstəmli