"ABŞ-ın Türkiyədəki səfiri bu ölkədən ayrılmağa indidən hazırlaşsa, daha yaxşı olar".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri ABŞ-ın Türkiyədəki səfiri Ceff Fleykin müxalif namizəd Kamal Kılıcdaroğlu ilə görüşməsinə prezident Rəcəb Tayyib Ərdoğanın sərt reaksiyasına münasibət bildirərkən deyib.
Ekspertə görə, Ərdoğan növbəti dəfə dövlət başçısı seçilərsə, prezident və onun bütün aparatının ABŞ səfiri üçün bağlı olacağını bəri başdan iddia etmək olar:
"Ona görə də ABŞ-ın Türkiyədəki səfiri bu ölkə ilə indidən vidalaşsa, daha yaxşı olar. Belə ki, Ərdoğan yenidən prezident seçilərsə, həmin səfirin bundan sonra da Türkiyədə qalıb diplomatik missiyasını sürdürməsi ABŞ-la Ankara arasındakı münasibətlərə kölgə salacaq”.
Həmsöhbətimizin fikrincə, Ərdoğanın bu açıqlaması dünyanın hegemon dövləti olan ABŞ səfirinə qarşı cəsarətli bir açıqlamadır:
"Yerində verilmiş açıqlamadır. AKP hakimiyyətinə qədər mövcud olan heç bir hökumətlərdə heç bir baş nazir və prezident ABŞ-a qarşı bu səviyyədə cəsarətli açıqlamalar verməyib. Ərdoğan açıqlamasında haqlıdır. Çünki ABŞ səfiri həddini aşaraq, kobud şəkildə Türkiyənin daxili işlərinə qarışır. Seçki ərəfəsində ABŞ səfirinin prezident dura-dura onun alternativilə görüşməsi və həddini aşan açıqlamalar verməsi seçki prosesinə müdaxilə deməkdir. Bu görüşlə dolayısı ilə ABŞ müxalif nümayəndənin yanında olduğu və ona dəstək verdiyini nümayiş etdirir. Bu da heç bir siyasi əndazəyə sığışacaq məsələ deyil”.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Ankaradakı səfiri Ceff Fleyk ilə daha görüşmək istəmədiyini bildirib. Türkiyə prezidenti səfirin Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu ilə görüşünü şərh edərkən bildirib ki, bundan sonra onun qapıları ABŞ səfiri üçün bağlıdır.
"Baydenin səfiri nə edir? Cənab Kamalı ziyarət edir. Ayıbdır, bir fikirləşin. Siz səfirsiniz. Sizin buradakı həmsöhbətiniz prezidentdir", deyə Ərdoğan qeyd edib.
"Qapılarımız onun üçün bağlıdır. Niyə? Qoy yerini bilsin", deyə o əlavə edib.
Rüfət Sultan