Türkiyə hakimiyyəti özəl məktəblərdə "milli-mənəvi dəyərlərə zidd” bayramların qeyd olunmasını qadağan edib.
Qaynarinfo "Sabah” qəzetinə istinadən xəbər verir ki, bunlara Hellouin və Katolik Milad bayramı daxildir.
Türkiyə Təhsil Nazirliyi müvafiq qərar qəbul edib. Sənədə əsasən, özəl məktəblərə "türk millətinin milli, əxlaqi, insani, mənəvi və mədəni dəyərlərinə zidd olan, şagirdlərin psixososial inkişafına töhfə verməyən” tədbir və şənliklərin keçirilməsi qadağan edilir.
"Sabah” qəzeti yazır ki, keçən il "bir çox özəl məktəblərdə ibtidai sinif uşaqları qorxulu makiyaj geyinməyə məcbur edilib və onlara cadugər kostyumları geyindirilib”. Qəzetin müsahibə verdiyi ekspertlər əmindirlər ki, "bu, pedaqoji inkişaf üçün uyğun deyil”.
Qərarda o da qeyd olunur ki, özəl məktəblərdə tədris üçün nəzərdə tutulan dərsliklər nazirlik tərəfindən yoxlamadan keçirilməlidir. Oxşar qayda beynəlxalq təhsil proqramlarına da aiddir.
Xatırladaq ki, dünya katolikləri Milad bayramını hər il dekabrın 24-dən 25-nə keçən gecə qeyd edirlər. Hellouin bayramı isə noyabrın 1-nə keçən gecə qeyd olunur.
Nizami Bağırov