
Rza Zərrab Azərbaycanlı iş adamlarının kirli pullarını yuyurmuş
Beynəlxalq axtarışa verilən 3 azərbaycanlı kimdir?
Dünən türk polisinin korrupsiya əməliyyatı nəticəsində saxlanılan Azərbaycan əsilli iş adamı, müğənni Ebru Gündeşin əri Rza Zərrab İstanbulda qurduğu şirkətlər vasitəsilə 2009-2012-ci illər arasında İrandan gətirilən 87 milyard avronun transferində vasitəçilik etməkdə ittiham olunur.
Rza Zərraba qarşı irəli sürülən ittihamlardan biri isə başqalarının rüşvət qarşılığında Türkiyə vətəndaşlığı almasında vasitəçi rolu oynamasıdır.
Qaynar.info "Zaman" qəzetinə istinadən xəbər verir ki, Rza Zərraba qarşı (Türk vətəndaşlığı aldıqdan Rza Sərraf adını alıb) qızıl qaçaqmalçılığı, saxta sənədlər hazırlamaq, çirkli pulların yuyulması kimi ittihamlar irəli sürülüb.
Türkiyədə qurulan 3 offşor şirkətdə araşdırmalar aparan maliyyə müfəttişləri İrandan külli miqdarda pul gətirildiyini ortaya çıxarıblar. A.M adlı şəxsin təqdim etdiyi sənədlər əsasında Türkiyədə qurulan şirkətlərin bank hesablarına İranın "Mellat" Bankı vasitəsilə 2009-2012-ci illər arasında 87 milyard avro pul keçirildiyi məlum olub.
Bundan başqa Adəm G. və Vidadi B. adlı şəxslər tərəfindən qurulan şirkətlərin bank hesabları da yoxlanılıb. Bu şirkətlərin Rza Zərrab tərəfindən qurulduğu məlum olub. Polis çirkli pulların yuyulması əməliyyatının izinə 2011-ci il dekabrın 14-də İstanbuldan Moskvanın Vnukovo hava limanına gedən üçü azərbaycanlı, biri iranlı olmaqla 4 nəfərdən 14.5 milyon dollar və 4 milyon avro pulun ələ keçirilməsi ilə düşüb. Həmin vaxt Rusiya Federal Gömrük Xidməti hadisə ilə bağlı Türkiyənin araşdırma aparmasını istəmişdi. Məlum olub ki, saxlanılan şəxslər 37 səfər zamanı 40 milyon dollar və 10 milyon avro pulu çamadanlarla Rusiyaya aparıblar. Pulların soyadları açıqlanmayan azərbaycanlı iş adamları Nizami A., Surxay H. və Vidadi B.- yə aid olduğu ortaya çıxıb. Pulların Dubaydan Türkiyəyə gətirildiyi, sonradan Rusiyaya aparıldığı məlum olub. Kuryerlik edən 14 nəfər azad edilsələr də, adları çəkilən 3 azərbaycanlı iş adamı beynəlxalq axtarışa verilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Qaynar.info-ya açıqlamasında bildirdi ki, adı keçən şəxslər haqqında Azərbaycan DİN-ində hər hansı bir məlumat yoxdur.
Qaynar.info