
İngiltərənin “Guardian” qəzeti Türkiyənin maliyyə naziri Mehmet Şimşekin telefon danışığının ingilis kəşfiyyatçıları tərəfindən izləndiyi barədə xəbər vermişdi.
Xəbərə görə, G-20 sammitində iştirak üçün İngiltərəyə səfər edən türk nazirin telefon danışıqları ingilis kəşfiyyatı tərəfindən dinlənilib və Türkiyənin “maliyyə nəzarəti və islahatlara münasibətini” öyrənməyə cəhd edilib.
Avropa.info xəbər verir ki, artıq Mehmet Şimşekden bu xəbərlə bağlı sərt reaksiya gəlib. Nazirin yazılı şəkildə yaydığı açıqlamada deyilir: “Xarici İşlər Nazirliyi ilə əlaqədəyik. Mövzunu araşdırırlar. Bu iddialar doğru çıxarsa, ən sərt şəkildə qınanacaq və lazım olan addımlar atılacaq”.
Türkiyənin Xarici İşlər Nazirliyi tərəfindən yayılan yazılı açıqlamada isə iddiaların “narahatlıq doğurduğu” ifadə edilib: “Bu xəbərdə yer alan iddialarda ən kiçik bir həqiqət payı aşkarlanarsa, bu, öncə əlaqədar ölkə baxımından bir qalmaqal olacaq. Beynəlxalq əməkdaşlıqda qarşılıqlı etimad, hörmət və şəffaflığın əsas olması lazım gəldiyi bir mühitdə müttəfiq bir ölkənin belə bir hərəkətinin qəbuledilməz olacağı aşkardır. Bu mövzuda İngiltərə hökumətinin rəsmi və qənaətbəxş bir açıqlama təqdim etməsini gözləyirik”.
Qaynar.info