Braziliyada 15 yaşadək futbolçular arasında keçirilən gənclər çempionatının "Flamenqo" – "Seara" oyunu gözlənilməz hadisə ilə yadda qalıb. Qarşılaşma zamanı meydançaya daxil olan böyük mavi-sarı ara tutuquşusu oyunun iki dəfə dayandırılmasına səbəb olub.
Qaynarinfo xəbər verir ki, "The Sun" nəşrinin məlumatına görə, Cənubi Amerikada geniş yayılmış mavi-sarı ara növünə aid olan quş matçın 17-ci dəqiqəsində meydançaya enib.
Tutuquşu əvvəlcə "Flamenqo"nun müdafiəçilərindən birinə hücum edib. Futbolçu gözlənilməz vəziyyət qarşısında tarazlığını itirərək ot örtüyünə yıxılıb.
Bununla kifayətlənməyən quş daha sonra digər futbolçuların da ardınca uçmağa başlayıb. Nəticədə baş hakim oyunu müvəqqəti dayandıraraq quşun meydançanı tərk etməsini gözləyib.
Lakin təxminən 15 dəqiqə sonra ara yenidən meydana qayıdıb və bir daha oyun sahəsinə enərək qarşılaşmanın ikinci dəfə dayandırılmasına səbəb olub.
Baş verən hadisələrə baxmayaraq, oyun yekunlaşdırılıb və "Seara" komandası "Flamenqo"nu 2:1 hesabı ilə məğlub edib.
Aydın
Şərhlər