Xəbər lenti

UEFA Dünya Kubokunu boykot edə bilər - FİFA prezidenti qalmaqal yaratdı
İdman 15:54 29.07.2026

UEFA Dünya Kubokunu boykot edə bilər - FİFA prezidenti qalmaqal yaratdı

Avropa futbol qurumları FIFA-nın dünya çempionatının kommersiya hüquqlarının bir hissəsini özəl investorlara satmaq planlarına etiraz olaraq mümkün boykot variantını müzakirə etməyə hazırlaşırlar.

Qaynarinfo xəbər verir ki, "Sky News”un məlumatına görə, UEFA-ya üzv ölkələrin nümayəndələri bu həftə FIFA-nın kənar investisiyalar cəlb etməklə yeni kommersiya şirkəti yaratmaq təşəbbüsünü müzakirə etmək üçün toplantı keçirəcəklər.

Məlumata əsasən, FIFA prezidenti Canni İnfantino dəyəri 20 milyard dollar olan yeni törəmə şirkət – "FIFA Forward Enterprise”i yaratmağı və onun 20 faizdən çox payını sataraq 4,2 milyard dollar investisiya cəlb etməyi planlaşdırır.

UEFA isə hesab edir ki, bu addım futbolun idarə olunması baxımından qəbuledilməz presedent yarada bilər.

"UEFA bu məsələyə son dərəcə ciddi yanaşır. Eyni münasibəti bütün milli futbol assosiasiyaları, liqalar, klublar, futbolçular, azarkeşlər, hökumətlər və futbolun gələcəyinə biganə olmayan hər kəs göstərməlidir. Futbolun ruhu və idarəetmə sistemi alınıb-satılan əmtəə deyil, xüsusilə də bu sövdələşmədən kimin maliyyə baxımından faydalanacağı barədə tam şəffaflıq olmadığı halda. Heç birimiz futbolun sahibi deyilik və FIFA-nın onu satmağa haqqı yoxdur”, deyə UEFA-nın bəyanatında bildirilir.

Boykot ehtimalı gündəmdədir

Qeyd olunur ki, UEFA daha əvvəl də FIFA-nın bəzi təşəbbüslərinə qarşı çıxıb. FIFA dünya çempionatını iki ildən bir keçirmək ideyasını irəli sürdükdə, UEFA turniri boykot edə biləcəyini açıqlamış, bundan sonra FIFA həmin plandan imtina etmişdi.

Məlumata görə, dünya çempionatı layihəsinə investisiya yatırmağa əsas namizədlərdən biri "Thrive Eternal” şirkətidir. Şirkətin baş icraçı direktoru Coş Kuşnerdir. Onun qardaşı Cared Kuşner ABŞ prezidenti Donald Trampın kürəkənidir.

Canni İnfantino isə təşəbbüsü üzv assosiasiyalara futbolun inkişafı üçün daha çox maliyyə vəsaiti ayırmaq məqsədi ilə əsaslandırıb.

İnfantino ilə bağlı iddialar

Nəşrin yazdığına görə, İnfantinonun gələcəkdə FIFA prezidenti seçilməyəcəyi təqdirdə, dünya çempionatının təşkilinə cavabdeh yeni strukturda rəhbər vəzifə tutmaq ehtimalı da müzakirə olunur. Məqalədə iddia edilir ki, plan təsdiqlənərsə, bu, ona əhəmiyyətli maliyyə gəliri gətirə bilər.

Bununla yanaşı, qeyd olunur ki, UEFA üçün boykot qərarı asan olmayacaq. FIFA-da qərarlar sadə səs çoxluğu ilə qəbul edilir və təşkilatın maliyyə dəstəyindən faydalanan bir sıra milli assosiasiyalar təşəbbüsü dəstəkləyə bilər. Digər tərəfdən, dünya çempionatının idman və kommersiya baxımından uğurunda Avropa yığmalarının iştirakı mühüm rol oynayır.

Siyasətçilər də etiraz edir

Təşəbbüs Avropanın bəzi siyasətçiləri tərəfindən də tənqid olunub.

Böyük Britaniyanın baş naziri Endi Börnem kimi təqdim olunan siyasətçinin sözlərinə görə, futbol investorlara məxsus deyil və dünya çempionatı satılan məhsul hesab oluna bilməz.

"Bu, dünya idmanının ən möhtəşəm yarışıdır və heç kimin onu satmağa haqqı yoxdur. Bu sövdələşməni necə təqdim etməyinizdən asılı olmayaraq, turnirin hətta kiçik bir hissəsini satmaq belə ona xəyanət deməkdir. Futbol azarkeşlərə məxsusdur. Həmişə belə olub və həmişə də belə olacaq”, deyə o bildirib.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->