Balıq yağı insan orqanizminin özü sintez edə bilmədiyi omeqa-3 yağ turşularının mənbəyidir. Buna görə də onları qida vasitəsilə, məsələn balıqdan, yaxud qida əlavələri hesabına almaq vacibdir.
Qaynarinfo xəbər verir ki, "EatingWell” nəşrinin yazdığına görə, kardioloq balıq yağının ürək sağlamlığına təsiri ilə bağlı gözləntilər və müddətlər barədə danışıb.
Balıq yağının faydası və zərəri
Balıq yağı iki omeqa-3 yağ turşusu – eikosapentaen turşusu (EPA) və dokosaheksaen turşusu (DHA) ehtiva edir. Bu maddələr tez-tez ürək üçün faydalı kimi təqdim olunur. Lakin əlavəni qəbul etməzdən əvvəl bir məqamı nəzərə almaq lazımdır: tədqiqatların nəticələri hər zaman nikbin deyil.
"Balıq yağı ilə bağlı çoxlu tədqiqat aparılıb. Bəzi işlər müəyyən qruplarda fayda göstərsə də, sağlam insanlarda profilaktik məqsədlə istifadə zamanı aparılmış çoxsaylı iri və ciddi araşdırmalar fayda aşkar etməyib”, deyə kardioloq Yevgeniya Canos bildirib.
Onun sözlərinə görə, tibbi göstəriş olmadan balıq yağı qəbul etmək hətta zərərli ola bilər. Araşdırmalar balıq yağı əlavələrinin qulaqcıqların fibrilyasiyası – ürək ritminin pozulmasının bir növü – riskini artıra biləcəyini göstərir.
Həkim qeyd edib ki, bu cür əlavələr daha çox trigliserid səviyyəsi çox yüksək olan insanlara tövsiyə olunur. Bununla yanaşı, yüksək trigliserid zamanı həkimlərin məsləhət gördüyü balıq yağının növü də böyük əhəmiyyət daşıyır.
Balıq yağının dozası
Əsas fərqlərdən biri dozadır. Reseptlə satılan balıq yağı preparatları reseptsiz əlavələrlə müqayisədə xeyli yüksək miqdarda omeqa-3 ehtiva edir.
Eyni dozanı reseptsiz balıq yağı ilə əldə etmək üçün bir neçə kapsul qəbul etmək lazım gəlir ki, bu da ürəkbulanma və xoşagəlməz "balıq iyi ilə gəyirmə” daxil olmaqla, mədə-bağırsaq yan təsirlərinin riskini artıra bilər.
"Reseptlə verilən analoqlar daha yüksək EPA dozası ehtiva edir və sübut olunub ki, iltihabı azaldır, arterial lövhələri stabilləşdirir, infarkt və insult riskini aşağı salır", deyə Canos vurğulayıb.
Omeqa-3-ün faydası nə vaxt hiss olunur?
"Əgər həkiminiz trigliserid səviyyəsini azaltmaq üçün balıq yağı əsasında reseptli preparat təyin edibsə, faydanı təxminən 4–12 həftə ərzində görməlisiniz",deyə kardioloq dəqiqləşdirib.
Balıq yağından necə düzgün istifadə etməli?
İlk növbədə, omeqa-3 əlavələrinə həqiqətən ehtiyacınız olub-olmadığını müəyyənləşdirin. Trigliseridlərin azaldılması üçün tövsiyə olunan doza yemək zamanı gündə iki dəfə 2 qramdır.
Balıq yağı, adətən, çox təhlükəsiz sayılır. "Onlar digər dərmanlarla qarşılıqlı təsirə nadir hallarda girir və yaxşı tolere olunur”, – deyə mütəxəssis qeyd edib.
Lakin əksər insanlar üçün omeqa-3 əldə etməyin ən yaxşı yolu yağlı balıqlar yeməkdir. Bunlara qızılbalıq, sardina, skumbriya, ançous, mavi tunets, midiya və istridyalar daxildir.
"Bu tövsiyə çoxdan mövcuddur və ürək-damar xəstəliklərinin profilaktikasında faydanı göstərən tədqiqatlara əsaslanır”, deyə həkim əlavə edib.
Qeyd edək ki, daha əvvəl dietoloq həftədə neçə dəfə balıq yeməyin mümkün olduğu barədə dəqiq cavab vermişdi. O bildirib ki, yağlı balıq omeqa-3 yağ turşularını əldə etməyin ən asan yoludur, lakin yaxşı bitki mənşəli mənbələr də mövcuddur.
Aydın
Şərhlər