Ukrayna ABŞ, İngiltərə, Almaniya, Fransa və Türkiyə ilə təhlükəsizlik zəmanəti ilə bağlı danışıqlar aparır.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba İspaniyanın "El Pais" nəşrinə
müsahibəsində danışıb.
Kuleba qeyd edib ki, danışıqlarda Moskva Ukraynadan qəbuledilməz güzəştlər tələb edir, Ukrayna isə yalnız üç şeydə maraqlıdır. Bunlar təhlükəsizlik zəmanəti, Krım və Donbass üzərində ərazi bütövlüyünün tanınması, atəşkəs və düşmən qoşunlarının çıxarılmasıdır.
Kulebanın fikrincə, Ukrayna təkcə Rusiyadan deyil, digər ölkələrdən də təhlükəsizlik zəmanəti almalıdır. Nazirin sözlərinə görə, Rusiya bununla razılaşıb.
Kuleba "təhlükəsizlik zəmanəti” dedikdə nəyi nəzərdə tutduğunu da açıqlayıb.
"İspaniyanın NATO üzvü kimi təhlükəsizliyinin qarantiyası 5-ci maddədir ki, əgər kimsə ona hücum edərsə, bütün digər üzvlər (Alyansın. - Red.) onu müdafiə edəcək. Biz belə bir şey istəyirik. Yəni kimsə Ukraynaya hücum edərsə, təhlükəsizlik zəmanətini verən ölkələr 24 saat ərzində bütün lazımi silahları göndərməli, təcavüzün dayandırılmasını və sanksiyaların tətbiq edilməsini tələb edən BMT Təhlükəsizlik Şurasının qətnaməsini qəbul etməli olacaqlar. Buna görə də Ukrayna ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və Türkiyə ilə danışıqlar aparır”, - deyə Kuleba cavab verib.
Aydın
Qaynarinfo