ABŞ-ın sabiq dövlət katibi Henri Kissincer Davos forumunda çıxışı zamanı deyib ki, Ukrayna sülh danışıqlarında ərazilərini Rusiyaya güzəştə getməyə hazır olmalıdır. O, həmçinin Qərbə xəbərdarlıq edib ki, Rusiyanın alçaldıcı məğlubiyyəti sabitliyin daha geniş miqyasda pozulması ilə nəticələnə bilər:"Danışıqlar asanlıqla aradan qaldırılmayacaq təlatümlər və gərginliklər yaratmadan yaxın iki ay ərzində başlamalıdır. İdeal olaraq, ayırıcı xətt status-kvo vəziyyətinə qayıdış olmalıdır.
H.Kissincer bəyan edib ki, Ukrayna Avropanın tam inteqrasiya olunmuş bir hissəsi kimi deyil, neytral bufer dövlət kimi qalmalıdır.
Qeyd edək ki, keçən həftə New York Times qəzetində də Ukraynanın sülh razılaşması üçün ərazi güzəştlərinə getməli olduğunu vurğulayan məqalə çıxıb. Amma daha çox demokratlara bağlı olan xeyriyəçi və keçmiş maliyyəçi Corc Soros respublikaçı Kissincerdən fərqli düşünür. Soros Davosdakı çıxışında bildirib ki, Ukraynanın işğalı III dünya müharibəsinin başlanğıcına səbəb ola bilər. Soros onu da qeyd edib ki, müasir dünya bir-birinə diametral şəkildə əks olan iki qütbün mübarizə meydanına çevrilir. O, Avropanın Ukrayna müharibəsində tutduğu mövqeyini müsbət qiymətləndirib.
Davosda dünyanın tanınmış peşəkar siyasi xadimləri tərəfindən səslənən bu fikirlərə münasibət bildirən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Qaynarinfo-ya açıqlamasında qeyd edib ki, hazırda hərbi üstünlük Rusiyanın tərəfindədir. Bu mənada, həmsöhbətimizə görə, atəşkəs elan edilməsi qaçılmazdır:
"Görünən budur ki, hərbi vasitələrlə indiki vəziyyəti, yəni Ukrayna torpaqlarının bir hissəsinin işğala məruz qalması faktını dəyişdirmək mümkün deyil. Vəziyyətdən çıxışla bağlı Qərbdə müxtəlif fikirlər səslənir. Ukrayna prezidenti bəyan edib ki, onlar mübarizəni davam etdirəcəklər. Amma hesab edirəm ki, hərbi baxımdan Ukrayna üstünlük əldə edə bilməz. Təəssüf ki, Qərb Kiyevə silahları çox gec verdi. Onlardan tam şəkildə istifadə ən azından daha bir neçə ay vaxt aparacaq. Bu baxımdan, Kissencerlə razılaşıram. Digər tərəfədən, Fransa və Almaniyanın da bu mövqedə olduğunu bilirik. Odur ki, yaranmış vəziyyətdə ən məqbul variant atəşkəs elan edilməsi olardı. Düzdür, atəşkəs elan etməklə də problem həll edilməyəcək, işğalda olan torpaqlar Rusiyanın nəzarətində qalacaq, lakin Kremlin siyasi baxımdan qələbəsinin də qarşısı alınacaq. Yaranmış vəziyyətdə başqa məqbul variant mövcud deyil”.
Rüfət Sultan