"The New York Times” qəzetində dərc olunan müəllif məqaləsində ABŞ ordusunun veteranı, İraq müharibəsinin iştirakçısı Devid Frenç yazır ki, Donald Trampın rəhbərliyi altında ABŞ azadlıq və demokratiya uğrunda mübarizəni simvolizə edən məşəli əldən buraxıb. Bu missiyanı isə Ukrayna öz üzərinə götürüb, lakin bunu hələ hamı dərk edib qəbul etməyə hazır deyil.
Qaynarinfo-nun məlumatına görə, müəllif qeyd edir ki, Ukrayna dünyaya "heyrətamiz bir nümunə” göstərib. Rusiya hücumları qarşısında xəritədən silinmək əvəzinə, ölkə müharibəni dalana dirəyərək quru döyüşlərində texnoloji inqilaba start verib. Bundan əlavə, Ukrayna Qərb üçün təhlükəsizlik sahəsində "əvəzolunmaz tərəfdaş”a çevrilib.
Frenç yazır ki, Ukrayna prezidenti Volodimir Zelenski hazırda bir neçə il əvvəl təsəvvür belə edilməyən addımlar atır: "Zelenski sözləri və addımları ilə Avropaya və dünyaya ABŞ-dan sonrakı azad dünyanın öz müstəqilliyini və azadlığını necə qoruyacağını göstərir”.
Jurnalist Ukraynanın "ümidsiz autsayder” kimi qiymətləndirilməsinin yanlış olduğunu vurğulayır. Onun sözlərinə görə, ölkə hələ də öz mövcudluğu uğrunda mübarizə aparsa da, beynəlxalq arenada artıq yeni geosiyasi reallıq formalaşdırır. Buna nümunə kimi, ABŞ-ın qoruya bilmədiyi Fars körfəzi ölkələri ilə imzalanan yeni hərbi razılaşmalar göstərilir.
Frenç əlavə edir ki, bir çox amerikalılar Donald Trampın "Ukraynanın gücü yoxdur” fikrini bölüşə bilər. Lakin reallıqda Ukrayna azad dünyada ən böyük və ən döyüş qabiliyyətli ordulardan birinə malikdir. Onun fikrincə, xüsusilə quru müharibəsi və dron texnologiyaları sahəsində Ukrayna Silahlı Qüvvələri effektivlik baxımından ABŞ ordusunu belə üstələyə bilər.
Bütün bunlar ABŞ prezidentinin uzun illər ərzində qurulmuş müttəfiqlik münasibətlərini zəiflətməsi fonunda baş verir.
"Amerikalılar Trampın səhvlərinin və lovğalığının real qiymətini tam anlamırlar. Onu yenidən hakimiyyətə qaytaran cəmiyyətə baxaraq, avropalılar bu parçalanmanın təkcə Trampdan deyil, ABŞ cəmiyyətinin mühüm hissəsindən qaynaqlandığı qənaətinə gəlirlər”, deyə müəllif bildirir.
Frenç vurğulayır ki, Avropada artıq ABŞ-ın yenidən etibarlı müttəfiq olacağına inam zəifləyib. Buna görə də yaranan boşluq gec-tez başqa qüvvə tərəfindən doldurulacaq: "Siyasət boşluğa dözmür”.
Məqalənin sonunda o qeyd edir: "Heç bir ölkə ABŞ-ın gücünə çatmasa da, həyatımda ilk dəfə liberal demokratiyanın müdafiəsinin mənəvi və strateji mərkəzi Vaşinqtonda deyil. O, London, Paris, Berlin və ya Ottavada da deyil. Bu mərkəz Kiyevdədir – burada cəsarətli lider və xalq ABŞ-ın yerə saldığı məşəli qaldırıb”.
Aydın
Şərhlər