Ukrayna qoşunları ABŞ-ın vəd etdiyi kaset sursatlarını artıq alıb, lakin hələ ki, döyüşlərdə istifadə etməyiblər.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna silahlı qüvvələrinin "Tavriya” qruplaşmasının komandiri Aleksandr Tarnavski CNN-ə
bildirib.
"Biz onları yenicə əldə etmişik, hələ istifadə etməmişik, lakin onlar döyüş meydanında böyük fərq yarada bilərlər.
...Düşmən də başa düşür ki, bu sursatı alıb, biz üstünlük əldə edəcəyik. Düşmən bu sursatların istifadə oluna biləcəyi mövqelərdən geri çəkiləcək”, - deyə Tarnavski bildirib.
General qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyi Ukrayna ordusunun kasetli sursatlardan hansı ərazilərdə istifadə etməyə hazır olduğuna qərar verəcək. O vurğulayıb ki, Rusiya qoşunları orada yerləşdirilsə belə, bu silahdan əhalinin sıx məskunlaşdığı ərazilərdə istifadə edilməyəcək.
Xatırladaq ki, Birləşmiş Ştatlar iyulun 7-də Ukraynaya kaset sursatlarının tədarük ediləcəyini elan edib. Ağ Ev bunu "ABŞ artilleriya mərmilərinin istehsalını artırdığı bir vaxtda müvəqqəti seçim" adlandırıb. ABŞ hakimiyyət orqanları kaset mərmilərinin istifadəsinin mülki əhali üçün risklər daşıdığını başa düşürlər və bu səbəbdən də onların tədarükü qərarını təxirə salırdılar. Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu bildirib ki, Rusiya ordusu əvvəllər kasetli sursatlardan istifadə etməkdən çəkinib, lakin cavab olaraq onlardan istifadə etməyə məcbur olacaq. Human Rights Watch təşkilatının araşdırmasına görə, kaset bombalarından artıq münaqişə zamanı həm Rusiya, həm də Ukrayna istifadə edib.
Nizami Bağırov