Dünya 22:03 14.09.2022

Ukrayna ABŞ və Britaniyanın köməyi ilə hücum planı hazırlayıb - NYT

Ukrayna hərbçiləri amerikalı və britaniyalı mütəxəssislərlə birgə ölkənin şimal-şərqində və cənubunda Silahlı Qüvvələrin 8 min kvadratkilometr ərazisinin işğaldan azad edilməsi ilə nəticələnən uğurlu əks-hücum əməliyyatı üçün plan hazırlayıb. 

Bu barədə Qaynarinfo "The New York Times”a istinadən xəbər verir.

Prezident Volodimir Zelenskinin göstərişi ilə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən hazırlanmış ilkin plana əsasən, Ukrayna Silahlı Qüvvələri ölkənin cənubunda genişmiqyaslı əks-hücum əməliyyatı keçirməli idi. Məqsəd Xersonu azad etmək və Mariupolun şərqdəki rus qoşunları ilə əlaqəsini kəsməkdir.

Ancaq Ukrayna və ABŞ hərbçilərinin yayda keçirdiyi hərbi simulyasiya oyunlar nəticəsində məlum olub ki, belə bir hücum çox güman ki, uğursuzluğa məhkumdur.
Pentaqonun siyasi departamentinin rəhbəri Kolin Kahlın sözlərinə görə, bu oyunlar Ukrayna rəhbərliyinə və yüksək komandanlığa təqdim edilən daha effektiv əks-hücum variantlarını ortaya çıxarıb.

"Biz simulyasiyalar və stolüstü məşqlər etdik. Bu təlimlər göstərdi ki, bəzi əks-hücum yolları digərlərindən daha uğurlu ola bilər. Biz bu məsləhəti verdik, sonra ukraynalılar bunu başa düşdü və öz qərarlarını verdilər", - o deyib.

Avqust ayı ərzində ukraynalıların tələbi ilə ABŞ rəsmiləri Rusiyanın cəbhə xəttindəki zəif yerləri vurğulamaqla rus qoşunlarının mövqeləri haqqında kəşfiyyat məlumatlarının mübadiləsini gücləndiriblər. Kəşfiyyat məlumatları həmçinin göstərib ki, Moskva Ukraynanın əks-hücuma hazırlığını aşkar etsə belə, Ukraynanın şimal-şərqindəki qoşunlarını tez bir zamanda gücləndirmək və ya qoşunlarını cənubdan gətirmək çətin olacaq.

"Biz gördük ki, ruslar ukraynalıların başlatdığı növbəti əks-hücuma hazırlaşmaq üçün ən yaxşı qüvvələrini cənuba yönəldiblər. Ona görə də, daimi mənəvi problemləri və ukraynalıların təzyiqləri səbəbindən Rusiya silahlı qüvvələrində kağız üzərində göründüyündən bir az da kövrək mövqelərin ola biləcəyinə inanmağa əsasımız var idi”, - Kahl deyib. 

Hücumun müvəffəqiyyətini təmin etmək üçün ABŞ Ukraynaya silah tədarükünü çoxaldıb. Demək olar ki, hər həftə Amerikanın Ukraynaya hərbi yardım göstərməsi ilə bağlı xəbərlər Ukrayna komandanlığına iki cəbhədə eyni vaxtda hücum planının mümkünlüyünə inamı artırıb.

Ukrayna Silahlı Qüvvələrinin hələ də Ukraynanın şərqində daha çox ərazini geri qaytarmaq imkanı olsa da, Ukrayna və ABŞ rəsmilərinin fikrincə, cənub indi ən mühüm əməliyyat meydanıdır.

Nizami Bağırov